Pedaqoji təcrübə keçən tələbələrimiz “Azərbaycan mədəniyyəti” adlı tədbir təşkil ediblər
Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta məktəbdə pedaqoji təcrübə keçən BDU-nun Filologiya fakültəsi tələbələrinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, təcrübə rəhbəri Rəhilə Quliyeva və məktəbin Azərbaycan dili müəllimləri iştirak ediblər.
Çıxış edən aparıcılar bildiriblər ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir.
Sonra “Ögey ana”, “Arşın mal alan” filmlərindən səhnəciklər, mədəniyyətimizin önəmli qollarından biri olan milli rəqslərimiz nümayiş olunub, qədim musiqi alətlərində şagirdlərin ifası tədbiri daha da maraqlı edib.
Sonda işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Azərbaycanın dilbər guşələri və onların mədəniyyəti haqqında şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olunub.
Tələbələrin təşəbbüsü ilə təşkil olunan tədbirdə şagirdlərin hazırlığı yüksək qiymətləndirilib.