Özbəkistanlı alim Filologiya fakültəsinin qonağı olub
Dekabrın 21-də Özbəkistan Milli Universitetinin Özbək filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Hamidulla Baltabayev BDU-nun Filologiya fakültəsinin qonağı olub.
Öncə fakültə dekanı, dosent Elçin Məmmədovun qonaqla görüşü baş tutub. E.Məmmədov son illər ölkələrimiz arasında olan elmi-mədəni əlaqələrdən, fakültə alimlərinin Özbəkistanın müxtəlif universitetləri ilə uğurlu əməkdaşlığından söz açıb. Həmçinin görüşdə iştirak edən dekan müavini Anar Fərəcov, Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov və həmin kafedranın doktorantı Məleykə Mirzəli Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrindən bəhs ediblər.
Sonra özbəkistanlı alim H. Baltabayevin Türkologiya kafedrasında elmi seminarı təşkil olunub. Professor M.Məmmədov qonağa kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri haqqında məlumat verib. Professor Firuzə Ağayeva özbək alimi H.Baltabayevin yaradıcılığı haqqında geniş çıxış edib. O qeyd edib ki, əsas tədqiqat obyekti Cədid hərəkatı olan H.Baltabayevin ədəbiyyat sevgisi onun doğma Əndican vilayətində olan ədəbi mühitdən irəli gəlir. Həmçinin o bildirib ki, türk xalqları ədəbiyyatı araşdırmaları üzrə tanınan H.Baltabayevin Azərbaycana olan sevgisi də xüsusi vurğulanmalıdır.
Sonra söz məruzəçiyə - professor H.Baltabayevə verilib. Məruzəçi seminar dinləyicilərini salamladıqdan sonra “Özbək Cədid ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə əlaqələri” mövzusunda çıxış edib. XX əsrin əvvəllərində Türküstan coğrafiyasında başlanan Cədidçilik hərəkatının məğzinin yeniləşmək ilə bağlı olduğunu qeyd edib. Bu dönəmdə xüsusilə Abdurauf Fitrətin yaradıcılığını, özbək dili və ədəbiyyatına olan töhfələrindən söz açıb. Həmçinin qeyd edib ki, onun əsərlərində bir sıra məqamlar H.Cavid yaradıcılığı ilə oxşarlıq təşkil edir.
Məruzəçinin çıxışından sonra mövzu ətrafında müzakirələr aparılıb. Türkologiya kafedrasının əməkdaşları – professorlar Elbrus Əzizov və Ramiz Əskər, dosentlər İslam Vəliyev və Kəmalə Nəcəfova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədovun adından özbəkistanlı alimə “Təşəkkürnamə” təqdim edilib.