Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup alimi Filologiya fakültəsinin qonağı olub
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Pedaqogika kafedrasının əməkdaşları – kafedra müdiri, pedaqogika elmləri doktoru, dosent Faroxat Mirzoyeva, professor Əzizə Muxsiyeva, professor Şairə Şadmanova, professor Muhayyo Baybayeva, professor Gülsənəm İbrahimova, dosent Malikə Umarova, dosent Hilalə Ruzmetova və dosent Firuzə Yoldaşeva BDU-nun Filologya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə tanış olublar.
Kafedra müdiri, professor Mətanət Abdullayeva qonaqlara kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı haqqında geniş məlumat verib, təsəvvüf ədəbiyyatı ilə bağlı, xüsusilə Nizami Gəncəvi əsərlərinin metaforik dili, “Yeddi gözəl” poemasında alt sujetin açıqlanması, təriqət yolunun izahına dair fikir mübadiləsi aparıb.
Sonra özbəkistanlı alimlər öz elmi-pedaqoji fəaliyyətlərindən söz açıb, qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Sonda qonaqlara kafedra əməkdaşlarının son illər nəşr etdirdikləri kitablar hədiyyə olunub.