Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri Filologiya fakültəsində
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin növbəti bir qrup alimi Bakı Dövlət Universitetinin (BDU) Filologya fakültəsinin qonağı olublar.
Səfər çərçivəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə yaxından tanış olan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Mənəviyyatın əsasları və hüquq təhsilinin əsasları kafedrasının müdiri Akayeva Nadira Mehlibaevna, həmin kafedranın professorları - Sobirova Marhabo Abduqaniyevna və Niğmanova Umida Bəhramovna, dosenti Xocayeva Dilorom Yunusovna, Özbək dili və onun tədrisi metodikası kafedrasının professoru Adilova Saodat Abdurahimovna öz elmi-pedaqoji fəaliyyətləri haqqında məlumat verib, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva və dosent Rəhilə Quliyeva Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup aliminin növbəti dəfə kafedraya gəlişindən böyük məmnunluq hissi duyduqlarını ifadə edib, bu səfərin əhəmiyyətini yüksək dəyərləndiriblər. Qonaqlara kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri haqqında geniş məlumat verilib, ortaq akademik tədbirlərin təşkili, xüsusilə metodika sahəsinə dair birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Sonra özbək alimlər Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının hazırda pedaqoji təcrübə keçən II kurs magistrantı Fidan Abdullayevanın “Köməkçi nitq hissələrinin tədrisi” mövzusunda keçdiyi mühazirə dərsində iştirak edib, sonda dərsin gedişini yüksək qiymətləndiriblər.