“Özbəkistanda Novruz ənənələri” adlı elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi və folkloru kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Nurboy Cabbarovun “Özbəkistanda Novruz ənənələri” adlı virtual elmi seminarı keçirilib. “Zoom” platforması üzərindən təşki olunan tədbirdə fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə açan BDU-nun Türkologiya kafedrasının magistrantı, Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəli qonağı salamlayaraq, fakültənin dəvətini qəbul etdiyi üçün ona təşəkkürünü bildirib. Sonra iki qardaş ölkənin bütün sferalarda bir-birinə yaxınlığından, xüsusilə ədəbi-mədəni əlaqələrinin tarixinin çox qədimlərə, hələ Nizami, Nəvai dövrünə getməsindən, çağdaş əsrimizdə bu münasibətlərin daha da dərinləşməsinin vacibliyindən bəhs edib. Daha sonra qonağı və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdikdən edib və sözü Türkologiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Məhərrəm Məmmədliyə verib.
Professor M.Məmmədli Azərbaycanda Novruz bayramının tarixindən, qədim adət-ənənələrin qorunub saxlamasından geniş şəkildə bəhs edib. Bu bayramın türk xalqları arasında kökünün daha qədimlərə getməsini, hətta şumerlərlə bağlılığını vurğulayıb. O həmçinin bildirib ki, Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilib.
Sonra söz məruzəçiyə verilib. Professor N.Cabbarov ilk olaraq özbək xalqının tarixində Novruzun önəmindən bəhs edərək vurğulayıb ki, qədim köklərə malik bu bayramın ilk izlərinə Mahmud Kaşğarinin lüğətində rast gəlinir. Sonra məruzəçi məhz özbək klassik ədəbiyyatdan Rubğazidən, Xarəzmidən, türk dünyasının böyük mütəfəkkiri Nəvaidən konkret nümənələr gətirərək Novruz mərasimlərinin, yazın gəlişinin poeziyada necə əks olunmasından bəhs açıb. Xüsusilə Nəvai yaradıcılığında bu bayramın üç təzahür şəklinin – təbiət və insan ruhundakı uyğunluq, vüsal xəbərçisi, ədalət rəmzi şəklində təzahürünün müəyyən edildiyini vurğulayıb. Sonra professor hazırda özbək xalqı tərəfindən yaşadılan bayram ənənələrini slayd görüntüləri ilə təqdim edib və bütün türk xalqlarına bu yazın uğurlu gəlməsini diləyib.
Sonda professor M.Məmmədli məruzəçiyə təşəkkür edərək, gələcəkdə hər iki qurum arasında türkologiya sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün ortaq layihələrin və tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Sonda N.Cabbarova Filologiya fakültəsinin dekanı Elçin Məmmədovun adından “Təşəkkürnamə” təqdim olunub.