Özbəkistan alimləri Filologiya fakültəsinin qonağı olublar
Özbəkistanın Nəvai adına Dövlət Universitetinin bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qonağı olub. Nəvai adına Dövlət Universitetinin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti İstamova Dilnoza, kafedranın baş müəllimi Burhanova Məmurə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə tanış olublar, onlar dil tədrisi problemi ilə bağlı fikir mübadiləsi aparıblar. Kafedra müdiri professor Mətanət Abdullayeva müəllim hazırlığında təhsil alan tələbələrə elmi biliklərin verilməsi ilə yanaşı, mənəviyyat məsələlərinin də öyrədilməsinin zərurətindən danışıb. O qeyd edib ki, müəllim nə qədər savadlı olsa da, mənəvi dəyərləri aşağıdırsa, onun müəllim olmağa ixtiyarı yoxdur.
Görüşdə Humanitar elmlər üzrə ingilis dili kafedrasının müdiri, dosent Bəylər Hacıyev və kafedranın professoru Əfqan Abdullayev, Rus dilçiliyi kafedrasının müdiri, dosent Elvira Heydərova, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov iştirak ediblər. Onlar öz profillərinə uyğun qarşılıqlı elmi əməkdaşlığa dair bir sıra məsələləri, o cümlədən, birgə dərsliklərin hazırlanması və məqalələrin yazılması ilə bağlı müzakirələr aparıblar.
Qonaqlar görüşdən məmnun qaldıqlarını bildiriblər. Sonda qonaqlara kitablar hədiyyə olunub.