Özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib
BDU-nun Filologiya fakültəsində Özbəkistanın Xalq yazıçısı Adil Yaqubovun Azərbaycan dilində nəşr edilmiş “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib. Dosent Məti Osmanoğlunun tərcüməsində işıq üzü görmüş kitabın təqdimatında fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Özbəkistanla Azərbaycan arasında dostluğun və qardaşlığın dərin genetik köklərdən gəldiyini vurğulayaraq qeyd edib ki, tarixi birliyimiz bu gün müstəqil dövlətlərimiz tərəfindən yüksək səviyyədə davam etdirilir və bu istiqamətdə təhsil, elm, mədəniyyət sahələrində görülən işlər ciddi əhəmiyyət daşımaqdadır: “Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edəndən sonra Özbəkistan dövlətinin qardaşlıq jestlərindən biri Azərbaycana hədiyyə olaraq Füzuli rayonunda tam orta məktəb inşa etdirməsi olub. Dünaynın ən müasir təhsil standartlarına uyğun təchiz edilmiş bu təhsil ocağı özbək xalqının böyük dövlət xadimi, dünya elmində xüsusi yeri olan Mirzə Uluğbəyin adını daşıyır. Müzakirəsini keçirdiyimiz tarixi roman bu böyük şəxsiyyətin həyatından bəhs edir və onun kimliyi haqqında Azərbaycan oxucusunda, xüsusilə gənclərimizdə aydın təsəvvür yaradır”.
Sonra Türkologiya kafedrasının əməkdaşları - dosent Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, magistrant Aysel Həsənova, eləcə də tədbirin qonağı, AMEA-nın professoru Yaşar Qasımbəyli öz çıxışlarında romanın bədii keyfiyyətləri, türk xalqları ədəbiyyatındakı yeri, həmçinin tərcümənin səviyyəsi barədə öz fikirlərini bölüşüb, tərcüməçinin əməyini yüksək qiymətləndiriblər.
Romanı özbəkcədən dilimizə çevirən, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu əsərin müəllifi ilə tanışlığının tarixini xatırladıb, 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsindən sonra ən çətin anlarda A.Yaqubovun rəhbəri olduğu Özbəkistan Yazıçılar Birliyinin Azərbaycanla həmrəyliyini qeyd edib və bu romanın Azərbaycanda BDU tərəfindən nəşr edilərək ölkənin aparıcı kitabxanalarına yayılmasının bir vəfa borcunun qarşılığı olduğunu vurğulayıb. M.Osmanoğlu romanın nəşrinə görə BDU rəhbərliyinə öz minnətdarlığını bildirib.