Özbək alimləri BDU-nun Türkologiya kafedrası ilə tanış olublar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Türkologiya kafedrasında Özbəkistan Respublikası Daşkənd Dövlət Hüquq Universitetinin əməkdaşları - Amina Fəttahova, Nilufər Bəhramova və Dilaron Raximova ilə görüş keçirilib.
Özbəkistandan gələn nümayəndə heyətinin üzvü Dilaron Raximova “Qafur Qulam şeirlərində ictimai ümumiləşdirmələr” mövzusunda çıxış edərək, böyük şairin yaradıcılığını ətraflı şəkildə təhlil edib və onun yaradıcılığında yer alan ictimai motivlərə toxunub. Natiq çıxış zamanı Qafur Qulamın şeirlərini özbək dilində səsləndirib və şeirlərin bədii-ictimai məziyyətlərindən bəhs edib.
İclasda Türkologiya kafedrasının professorları - kafedra müdiri Məhərrəm Məmmədov və Firuzə Ağayeva çıxış edərək, Qafur Qulam yaradıcılığının Bakı Dövlət Universitetinin Filologiya fakültəsində geniş şəkildə tədris edildiyini və tələbələrimizin bu böyük şairə dərin diqqət və sevgi ilə yanaşdıqlarını vurğulayıblar. Bundan başqa, kafedranın digər əməkdaşları - filologiya elmləri doktoru, dosent Qızılgül Abullayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevinc Məmmədova həm özbək, həm də Azərbaycan şair və yazıçıları arasında minilliklər boyu etnik-dini yaxınlıq və bağlılıqdan irəli gələn bir oxşarlıq və doğmalıq olduğunu bildiriblər.
İclasda həmçinin Azərbaycan – Özbəkistan əlaqələri çərçivəsində ölkələrimiz arasında siyasi-iqtisadi, elmi-mədəni və təhsil sahəsindəki sıx əməkdaşlıqdan danışılıb, Universitetimizdə bu əlaqələrin inkişaf etdirilməsi üçün çox böyük imkan və perspektivlərin olduğu qeyd olunub. BDU-nun Türkologiya kafedrası ilə gələcəkdə elmi əməkdaşlıq və qarışılıqlı mübadilə sahəsində də birgə tədbirlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb və əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi və intensivləşdirilməsi qərara alınıb.