Orta məktəb dərsliklərinin dili müzakirə olunub
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrası nəzdində “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də “Orta məktəbin Azərbaycan dili və ədəbiyyat dərsliklərində dil və üslub problemləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə “Dədə Qorqud”, “Türkoloji araşdırmalar”, “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyalarının, həmçinin Azərbaycan dilçiliyi və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının bəzi əməkdaşları da iştirak ediblər.
Seminarı giriş sözü ilə açan laboratoriyanın böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xatirə Xaliddin qızı Vəliyeva iştirakçılara orta məktəb dərsliklərində, əsasən də Azərbaycan dili və ədəbiyyat dərsliklərində Azərbaycan dili ilə bağlı problemlər haqqında məlumat verərək bildirib ki, dərsliklər tərtib olunan zaman ədəbi dil normalarına diqqət yetirmək ən vacib məsələlərdən biridir.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zeynəb Böyükağa qızı Cəfərova orta məktəbin Azərbaycan dili və ədəbiyyat dərsliklərindəki problemli məqamları dil faktları əsasında təhlil edib və bildirib ki, dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, suallar aydın olmalı, fikir dolaşıqlığı yaradılmamalı, ədəbiyyat dərslilklərində bədii üslub saxlanmaqla yanaşı, müəllifin nitqi ədəbi dilin orfoqrafik normasına uyğun olmalıdır.
Məruzədə həmçinin o da qeyd olunub ki, mövzu ilə bağlı araşdırmada Azərbaycan dili və ədəbiyyat dərsliklərində çox sayda dil və üslub problemlərinə rast gəlinib. Fonetik, leksik və qrammatik normaların pozulması, fikir mücərrədliyi, əsas norma pozuntuları olmaqla yanaşı, üslubi normalar da diqqəti cəlb edir. Buna görə də dərsliklərdə dil problemlərinin yaranmaması üçün ədəbi dil normalarına, üslubi normalara, əsasən də elmi üsluba diqqət yetirilməlidir.
Seminar müzakirələrlə yekunlaşıb.