“Orta məktəb dərsliklərində ədəbi dil problemi”
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrası nəzdində “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də “Orta məktəb dərsliklərində ədəbi dil problemi” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in elmi işçisi Gülarə Nüsrət qızı Şirinova bildirib ki, Azərbaycanda təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Dərslik siyasətinin başlıca məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Dərsliklərdə araşdırma aparılarkən ədəbi dil normalarının pozulması hallarına rast gəldik. Belə ki, dərsliklərdə sualların qoyuluşunda şagirdlərdə çaşqınlığın yaradılması, fonetik, leksik və qrammatik normaların pozulması halları diqqətimizi cəlb etdi. Tapşırıqlarda və yaxud mətnlərdə sözlərin orfoqrafik cəhətdən səhv yazılması, durğu işarələrinin bəzi hallarda buraxılması, nitqin keyfiyyətinə verilən tələbləri kimi, nitqin dəqiqliyinin, düzgünlüyünün pozulması - sözlərin yerində düzgün işlədilməməsi, morfoloji əlamət və sintaktik vasitələrin düzgün istifadə olunmaması, fikir mücərrədliyi dərsliklərin dilində rast gəlinən əsas norma pozuntularıdır. Buna görə də belə qüsurların olmaması və şagirdlərin Azərbaycan ədəbi dilini dəqiq qavamaları üçün, gələcəkdə dillə bağlı öz nitqlərində (isrər şifahi, istərsə də yazılı nitqdə) səhvlərə yol verməməkdən ötrü dərsliklələrə ciddi nəzarət edilməlidir.
Seminar müzakirələrlə yekunlaşıb.