Orfoqrafiya problemləri ilə bağlı elmi seminar
Martın 29-da BDU-nun Filologiya fakültəsində “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in təşəbbüsü ilə “Müasir Azərbaycan dilində orfoqrafiya problemləri” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan laboratoriya müdiri Əliheydər Ağakişiyev iştirakçılara orfoqrafiya lüğətləri və onların tərtibiqaydaları haqqında məlumat verib, bu lüğətlərin tərtibində elmi-sistematik yanaşmanın əsas götürülməsini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-nin kiçik elmi işçisi Səbinə Xansuvar qızı Vəliyeva orfoqrafiya qaydaları ilə bağlı olan problemli məqamları dil faktları əsasında təhlil edib və bildirib ki, orfoqrafiya lüğətləri tərtib olunan zaman fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsiplər qorunub saxlanılmalıdır. Orfoqrafiyanı sosial norma hesab edən və onun dəyişdirilməsinin problemlər yaratdığını söyləyən məruzəçi göstərib ki, düzgün yazı qaydaları məhz mətnin fonoestetikasının əsasını formalaşdırır.
Sonra məruzə ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.