Orfoepiya problemlərinə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasında “Orfoepiya (ədəbi tələffüz): orfoepiyanın orfoqrafiyadan fərqli və oxşar cəhətləri” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan laboratoriyanın böyük elmi işçisi Xatirə Vəliyeva mövzunun aktuallığından, tez-tez rast gəlinən ədəbi dil normalarının (orfoepiyanın) pozulması hallarından söz açıb və xüsusilə KİV-də (televiziya və radio nəzərdə tutulur) müşahidə olunan orfoepiya pozuntuları ilə bağlı qeydlərini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın böyük elmi işçisi İradə İsrafil qızı Kərimova orfoepiya və orfoqrafiyanın qanunlarından danışaraq, onlar arasındakı oxşar və fərqli cəhətləri izah edib, ədəbi tələffüzün əsas xüsusiyyətlərini, problemli məqamları nümunələr əsasında təhlil edib, aşkar etdiyi mühüm faktlarla dil və üslub qüsurlarına aydınlıq gətirib. Qeyd edib ki, 2021-ci ildə nəşr olunmuş Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğəti əsas götürülərək orfoepiya qanunlarına, ədəbi dilin normalarına əməl etməklə yanaşı dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, termin seçiminə fikir verilməlidir. Məruzəçi orfoepiya qanunlarını konkret nümunələr əsasında şərh edib.
Laboratoriyanın əməkdaşı İlhamə Hacıyeva da sözügedən problem haqqında məlumat verərək qeyd edib ki, ədəbi tələffüz təkcə konkret ixtisas sahibləri üçün deyil, hər bir azərbaycanlı üçün ən vacib məsələlərdən biridir.
Sonra seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, məruzəçiyə suallar ünvanlayıblar.