Ömər Seyfəddin yaradıcılığına həsr olunmuş tələbə elmi seminarı
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Ədəbiyyatşünaslıq klubu və Türkoloji dərnəyin birgə təşkilatçılığı ilə Ömər Seyfəddin yaradıcılığına həsr olunmuş tələbə elmi seminarı keçirilib. Seminarda Türkologiya kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Ədəbiyyatşünaslıq klubunun sədri Nəzrin Əliyeva seminarı açıq elan edərək, mövzunun aktuallığından danışıb.
Seminarın məruzəçisi - Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Leyla Nəbizadə Ömər Seyfəddinin həyatı və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib. O, Ömər Seyfəddin əsərlərində milli məfkurənin əvəzsiz rolundan danışıb və o dövrün ictimai-siyasi vəziyyəti qarşısında bu missiyanın necə çətin olduğunu vurğulayıb.
İstiqlaliyyət dövründən bəhs etdiyi üçün məruzəçi Məhmət Akif Ərsoyun “İstiqlal marşı”nı və Çanaqqala şəhidlərinin əziz xatirəsini anmaq məqsədilə “Çanaqqala türküsü”nü səsləndirib, mövzuya dair videoçarx nümayiş etdirib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, dosent Səbinə Ağayeva, dosent Kəmalə Nəcəfova, müəllim Səmayə Cəlilova, Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova və kafedranın magistrantları məruzəçinin çıxışı ilə bağlı fikirlərini bölüşüb, ona öz tövsiyələrini veriblər.