“Odlar yurdunun dünya şöhrətli lideri Heydər Əliyevin dil siyasəti və natiqlik məharəti”
BDU-nun Filologiya fakütəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Odlar yurdunun dünyaşöhrətli lideri Heydər Əliyevin dil siyasəti və natiqlik məharəti” adlı tədbir keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Öncə tədbirdə Azərbaycan Respublikanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva açıb. O, dahi öndərin Azərbaycan xalqının həyatında, mədəniyyətində, tarixində, dil və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs edib. Azərbaycançılıq ideyalogiyasının banisi kimi Heydər Əliyevin dil siyayətindən ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dilinə dövlət qayğısının nəticəsi kimi bu gün böyük tribunalarda Azərbaycan dili hakim mövqeyə malikdir və bu məhz Ulu Öndərin adı ilə bağlıdır.
Məruzəçi Azərbaycan dilinin dövlət dili olması uğrunda Heydər Əliyevin apardığı mübarizə, ana dilinin saflığı və təbliğatı üçün gördüyü işlər haqqında geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqillik qazanmasında və müstəqillik qazandıqdan sonra da əsas görülən işlərin əvvəlində ana dili məsələsinin qaldırılması, dil ilə bağlı ardıcıl olaraq fərman və sərəncamların imzalanması dahi liderin ana dilinə olan sevgisindən və diqqətindən irəli gəlirdi. Bu diqqəti müasir mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolundan da geniş söz açılıb. Həmçinin Heydər Əliyevin natiqlik məharəti haqqında da fikirlər səsləndirib, onun böyük natiq olması vurğulanıb. Haqlı olaraq demək olar ki, Heydər Əliyevin hər bir çıxışı natiqliyin ən gözəl nümunəsidir. Azərbaycanda siyasi natiqliyin yaranması birbaşa Ulu Öndərin adı ilə bağlıdır.
Tədbir kafedarın müəllimlərinin və tələbələrin çıxışları ilə davam etdirilib. Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Dahi liderin həyat yolundan və fəaliyyətində bəhs olunan təqdimat nümayiş olunub.