Novruz bayramına həsr olunmuş “Yeddi gözəl xonçası” adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecin, BDU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yeddi gözəl xonçası” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova bayram münasibətilə iştirakçıları təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb. Novruz bayramının dövlət səviyyəsində qeyd olunması ilə bağlı Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açan S.Orucova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə hər il ümumxalq şənliklərində iştirak etməsini, xalqımıza təbriklər ünvanlamasını, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və qeyd edilməsi ilə bağlı təşəbbüslərini qədim tarixə malik bu bayrama göstərilən dövlət qayğısı kimi xarakterizə edib.
BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov milli-mənəvi dəyərlərimizin və qədim tarixə malik ənənələrimizin yaşadılması və təbliği istiqamətində Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən söz açıb, BDU-nun Filologiya fakültəsinin bu yöndə gördüyü işlərdən bəhs edib, milli adətlərimizin gənc nəslə aşılanmasında belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra kollecin və universitet tələbələrinin hazırladıqları, yeddi regionda - Naxçıvan, Qarabağ, İrəvan, Gəncə, Şirvan, Lənkəran və Bakıda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib. Tələbələrin təqdimatında “İrəvanda xal qalmadı”, “Qarabağ”, “Novruz” mahnıları, eləcə də haxıştalar ifa olunub, kanonda, gitarada musiqilər səsləndirilib. “Nəsimi” baletindən bir parça, “Arşın mal alan” filmindən rəqs, həmçinin “Şərur yallısı” oynanılıb. Tədbirdə tələbələrin hazırladıqları xonçalar, çəkdiyi rəsmlər nümayiş etdirilib, “Xonça” müsabiqəsində üç yerin qalibi seçilib. Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında yallı gedib.