Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Bahar fəsli yay ayları gələndə, süsənli-sünbüllü, lalalı dağlar” adlı Novruz tədbiri keçirilib.
Tədbirdə Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Ramil Bayramov tələbələri Novruz bayramı münasibətilə ürəkdən təbrik edib, qədim tarixi köklərə malik Novzurun adət-ənənələrindən və bu milli irsin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıblar.
Sonra Novruz bayramına həsr olunmuş videoçarx nümayiş olunub. Tədbir tələbələrin çıxışları ilə davam edib. Tələbə Gənclər Təşkilatının (TGT) Filologiya fakültəsi üzrə sədri Hümbət Bədəlovun çıxışı dinlənilib, Filologiya fakültəsinin tələbələri Sultan Əsədli, Validə Bayramlı və Leyla Nəbizadə şeirlər və mahnılar, həmçinin Aşıq Murad Dadaşəliyev saz havaları ifa edib.