Novruz bayramına həsr olunmuş “Bahar nəğməsi” adlı tədbir keçirilib
BDU-nun Filologiya fakültəsi üzrə BDU Könüllülərinin və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş “Bahar nəğməsi” adlı tədbir keçirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, qədim tarixi köklərimizə bağlı Novruzun adət-ənənələrindən, bu dəyərlərin gələcək nəsillərə ötürülməsindən danışıb, işğaldan azad olunmuş ərazilərimizdə bu müqəddəs bayramın qürurla qeyd olunmasını vurğulayıb.
Səbinə Sadıqzadə və Xanım Seyidzadənin aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Firəngiz Əliyeva Novruzun tarixi, unudulmuş və yaşayan ritualları, regionlarımızda rast gəlinən maraqlı bayram adətləri haqqında məlumat verib.
Bədii hissədə I kurs tələbəsi Validə Bayramlı Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirib, BDU Könüllüləri Təşkilatı nəzdində fəaliyyət göstərən “Lin-Orph” musiqi klubunun üzvləri bayram əhval-ruhiyyəli mahnılar ifa ediblər.
Tədbir ədəbi-bədii çıxışlarla başa çatıb.