"Norman Lyusin yaradıcılığında Şərq" mövzusunda seminar
BDU-nun Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında “Müasir ingilis yazıçısı Norman Lyusin yaradıcılığında Şərq” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı kafedranın dosenti Namiq Həsənov çıxış edərək, Norman Lyusin həyatı və fəaliyyətindən söz açıb, yazıçının XX əsrin ortalarında ABŞ, Böyük Britaniya və Fransanın Asiya, Afrika və Latın Amerikası ölkələrində həyata keçirdikləri imperialist siyasətə qarşı mübarizəyə qalxmış xalqların mübarizəsindən danışan əsərləri haqqında məlumat verib.
Məruzəçi yazıçının 1935-ci ildə çap etdirdiyi “İspan macəraları” kitabı, daha sonra “Ərəbistanın qumları və dənizi” fotoessesi, “Gəminin gəlib çıxmasının 10-cu ili” (1962), “Sağcalar üçün şirin piroq” (1985), Benito Mussolininin faşist rejiminə qarşı ingilis ordusunun apardığı mübarizəsindən danışan “Neopol-44” romanları haqqında ətraflı bəhs edib. Xüsusilə Norman Lyusin yaradıcılığında Şərq mövzusuna yer ayıran natiq fransız müstəmləkəçilərinin Laosdakı iyrənc siyasətini tənqid edən “Tənha zəvvar”, “Başımızın üstündəki vulkanlar” (1957), “Sezilən zülmət” (1960) romanlarından danışıb. O, Norman Lyusin Vyetnam xalqının milli azadlıq mübarizəsindən bəhs olunan “Yalançı əjdaha” (1951), Birman xalqının azadlıq mübarizəsini əks etdirən “Qızıl torpaq” (1952) romanlarına da diqqət çəkib.
Məruzədə həmçinin yazıçının “Dənizin sədaları” (1984), Siciliyada italyan mafiyasının fəaliyyətindən danışan “Mötəbər cəmiyyət” (1964), Amerikan imperializminin ekvatorda həyata keçirdiyi siyasi kursu ifşa edən “Kədərli ekvatordan qaçış” (1972), Kubada Batista rejiminə qarşı mübarizəyə qalxmış Fedel Kastro və onun tərəfdarlarının mübarizəsindən bəhs edən “Havana missiyası”, o cümlədən Sakit okean və Latın Amerikası ərazisində yaşayan büdpərəst hindu tayfalarının başına gətirilən müsibətlərdən danışan “Missionerlər” (1988) əsərləri barəsində məlumat verilib.