Nizami irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent Lalə Əliyevanın “Nizami irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir” mövzusunda elmi seminar keçirilib. Seminarda “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının əməkdaşları Ramil Əkbər Bayramov, Pərvin Eyvazov, Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri İradə Rəhmanova, Mətanət Həsənova, doktorant, magistrant və tələbələr iştirak ediblər.
Dosent Lalə Əliyeva məruzəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı səsləndirdiyi fikirləri əsas götürərək, Nizami Gəncəvinin məhz Azərbaycan türklərinin dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyət, yurdumuzun dilbər guşəsi olan Gəncə mühitinin yetirməsi olduğunu çox maraqlı və konkret faktlarla bir daha təsdiqləyib.
Yazılı ədəbi dil faktının heç bir zaman sənətkarın milli mənsubiyyətini inkar etməyə səbəb olmadığını xüsusi vurğulayan Lalə Əliyeva bildirib ki, orta əsrlər Avropa ədəbiyyatı üçün latın dilinin ortaq dil hesab olunması, hind müəlliflərinin əsərlərini ingilis dilində qələmə alması onları mənsub olduğu xalqın nümayəndəliyindən çıxarmadığı kimi, Nizami Gəncəvinin də dövrünün tələbinə uyğun olaraq dövlət və poeziya dili hesab edilən farsca yazması onun Azərbaycan şairi olmasını inkar etməyə əsas vermir. Dahi sənətkar öz əsərlərini milli kolorit, vətəni ilə bağlı olan coğrafi, tarixi, siyasi gerçəklik, etnik xüsusiyyətləri ilə yoğurub. Onun ədəbi irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir!
Nizami irsinin tədqiqatçıları haqlı olaraq onun “türkcə düşünüb, farsca yazdığını” (X.R.Ulutürk), “Azərbaycanın ən fəsih yazanı” olduğunu (M.Tərbiyət) qeyd ediblər. Hüseyn Pejmən Bəxtiyari Sənai yaradıcılığı ilə Nizami yaradıcılığını müqayisə edərkən “Sənainin öz danışdığı dildə, Nizaminin isə sonradan öyrəndiyi dildə” yazdıqları fikrini irəli sürür. Ehsan Təbrizinin diqqətə çatdırdığı məlumatdan aydın olur ki, Şah Mirzə səfir Qriboyedovla çara göndərdiyi hədiyyə - “Xəmsə”də türkcə şeirlər də yer alıb. Doktor Cavad Heyətin araşdırmalarında (“Azərbaycan ədəbiyyatına bir baxış”) Nizami Cəncəvi alaçuq, ozan, bayraq-sancaq, qırmızı və s. sözlərindən, “Oddan kül törər”, “İynə atsan yerə düşməz”, “Əyri oturub düz danışaq”, “İsinmədim istisinə, kor oldum tüstüsünə” və s. kimi atalar sözlərindən istifadə edərək mənsub olduğu xalqa əbədiyyət qazandırıb.
Nizami məqbərəsində 1923-cü ildə aparılan qazıntı zamanı əski türklərə məxsus yeraltı daxma aşkarlanıb, estampaj oxunduqdan sonra onun dahi şairin şərəfinə ucaldılan kurqan, sapma qəbir olduğu sübut edilib. Araşdırmalar göstərir ki, palıddan hazırlanmış dördayaqlı tabut, üzərindəki tirmə şal əsilzadə türklərə məxsus olan dəfn üsulunun göstəricisidir.
Lalə Əliyeva “Xosrov və Şirin” poemasının qəhrəmanı Şirinin milli mənsubiyyəti ilə bağlı mübahisəli məqamlara da aydınlıq gətirib. Nizaminin Ərmən torpağının yetirməsi kimi təqdim etdiyi Şirin obrazının erməni qızı kimi qələmə verilməsinin yanlışlığını poemada Məhinbanunun dilindən verilən misraların sübut etdiyini bildirib. Şirinin prototipi haqqında maraqlı fikirlər səsləndirib.
Sonra dosent İradə Rəhmanova, Ramil Bayramov, Pərvin Eyvazov və başqaları çıxış edərək seminar üçün seçilmiş mövzunun aktuallığını vurğulayıb və məruzəçinin çıxışını yüksək qiymətləndiriblər.
Çıxışlar bitdikdən sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, təəssüratlarını bölüşüblər.