“Nitqin texniki elementləri (intonasiya)” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Nitqin texniki elementləri (intonasiya)” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən kafedra müdiri, professor İlhamə Həbib qızı Hacıyeva qeyd edib ki, nitqdə ifadəlilik yaradan əsas vasitələrdən biri intonasiyadır. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti daim səfərbər edir, nəzərdə tutulmuş fikrin dinləyiciyə asan çatmasına şərait yaradar. Əksinə, intonasiya çalarından məhrum olan nitq, monotonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar. İntonasiya şeirin də həyati gücünü təmin edir, sözün ifadə tərzinə, işlənmə məqamına, estetik mahiyyətinə həssaslıq poetik intonasiyaya yeni mövqedən yanaşma meyli formalaşdırır.
Məruzədə bildirilib ki, intonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər - qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, məftunluq, məyusluq, nigaranlıq, sevinc, coşğunluq, həya, acıq, şübhə, təkəbbür və s. ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə istifadə etməlidir. İntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində danışan məqsədinə müvafiq şəkildə nitqinə müxtəlif səs tərtibatı verir. Başqa sözlə, danışıq prosesində təfəkkür fəaliyyətinin nəticəsi olan nitq rəngarəng intonasiya çalarına, boyalаrа malik olur.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.