Nəzrin Əliyeva: “Cavabsız suallar”
Ulduzlarla yoldaşlıq edir, yuxunu qapıdan qovurdum. Sabah yenə ayıla bilməyəcək, anamın və müəllimimin danlaqlarına məruz qalacaqdım. Bunu bilə-bilə yatmırdım. Çünki gecələr mənim üçün sadəcə yatmağa sərf ediləcək qədər adi deyildi – rəngli fikirlərin ağuşunda xumarlanmaq üçün bir fürsət idi.
Mən düşünürdüm – dünyanı, kainatı, ölkələri, ölkəmizi, keçmişi, yaşadığımız dövrü, gələcəyimizi... və ən çox da insanları. Bu gün məktəbə gedərkən avtobusda göy köynəkli oğlanı, anası peşmək almadığı üçün ağlayan uşağı, hansısa səbəbdən gözləri dolmuş qızı düşünürdüm. Həmin an nə hiss etdiklərini təsəvvür etməyə çalışırdım. Sevmək, sevilmək, ağlamaq, gülmək, qorxmaq, darıxmaq... Hisslərsiz insanı təsəvvür edəndə, geriyə sadəcə bir bədən qalırdı. Elə bil ki, əlimizdə çox gözəl cildlənmiş bir kitab var, amma içi bomboşdur.
Bir neçə il öncə tarix müəllimimin tövsiyəsi ilə “Equilibrium” filmini izləmişdim. Hisslərin qadağan olunduğu bir cəmiyyət... Bu fikir belə insanı titrədir. Axı insan hisslərini necə boğa bilər? Mən hisslərin çılpaqlığını sevirdim. Bəlkə də, real həyatda bu çılpaqlığı tapmadığımdan mizantrop tituluna layiq olub kitabxana sakini olmuşdum. Kitablarda insanlar olduğu kimi idilər – bütün halları ilə.
Bəzən saatlarla kitabxanada qalır, tozlu, köhnəlmiş kitabların arasında xəzinə axtarırdım. Bəzən axmaqcasına onları “qaçırmaq” planları qururdum. Kitabxanadan sonra ən sevdiyim yer babamgil idi. Bu evdə qəribə bir hüzur vardı. Lakin ən çox sevdiyim isə babamın kitab şkafı idi. Hər dəfə başımı ora salır, saatlarla “söhbət” edirdim. Kiril əlifbasını da məhz bu kitablar sayəsində öyrəndim.
Bir gün həmin şkafda “səyahət” edərkən saralmış bir fotoşəkil tapdım. Diksindim – bu, tanıdığım bir sima idi: Heydər Əliyev. Onu dərsliklərdə, televiziyada görmüşdüm. Halbuki bu şəkil başqa idi. Rəsmi deyildi, daha sadə, daha təbii bir anı əks etdirirdi. Elə bil, o, ölkəni deyil, məni dinləyirdi. Sanki babamla bu evdə söhbət etmişdi. O an nəsə dəyişdi içimdə. Sadəcə haqqında məlumatım olan biri, bir anda doğma oldu.
Elə bil illərdir görmədiyim bir qohumumu tapmışdım. Onunla danışmaq istədim. Söhbət siyasi mövzulardan getmirdi – “Heydər baba, ən çox hansı yeməyi sevirsən?”, “Bir də həyata gəlsəydin kim olmaq istərdin?”, “Uşaq olanda bugünkü Heydər Əliyev olacağını düşünmüşdünmü?” kimi suallar idi beynimdə. Bəlkə də axmaq suallar... Amma məşhur bir insanı, sadəcə insan kimi düşünmək istəyi... Onun hisslərini anlamaq arzusu...
“Alagöz” və “Küçələrə su səpmişəm” mahnılarını oxuyanda nə hiss edirdi? Saf sevgi? Zərifə xanıma həsrət? Yoxsa tamam başqa bir duyğu? Mən onunla danışmaq istəyirdim. Bilirdim, artıq bu dünyanın sakini deyildi. Buna baxmayaraq, inanırdım – məni eşidirdi. Bəlkə də göydən öz nəfəs verdiyi qartalın qanadlarında mənə baxırdı...
Mənim yaşım azdır, buna rəğmən anlayıram ki, sənin bir ömrünün içində neçə ömrün yükü var idi. Unutmayaq ki, sən də bir insansan, elə deyilmi? Sevmək, darıxmaq, qorxmaq – bunlar yaşdan, mövqedən asılı deyil. Sən də bunları yaşamısan, Heydər baba? Sən də kiməsə qucaq açmaq, bəzən susmaq, bəzən ağlamaq istəmisən? Heç kimə göstərmədən, sadəcə öz içində...Səni hər yerdə görürəm-məktəbdə, televiziyada, dərsliklərdə. Bu dəfə isə çox fərqlidir. Bu dəfə sən sadəcə Heydər Əliyev deyilsən. Bu dəfə sən insansan. Mənimlə eyni duyğuları yaşamış insan...
Bəzən fikirləşirəm: “Görəsən, sən də məktəbdə dərsləri buraxmaq istəmisən? Yorulanda nə etmisən? Sənə də ‘bacarmazsan’ deyənlər olubmu?” Heydər baba, mən bəzən valideynlərimin, müəllimlərimin, cəmiyyətin, bütün insanların basqısından çox yoruluram. Mən adi bir şagird olaraq bu qədər maneəyə rast gəlirəmsə, sən qarşına çıxmış elə böyük maneələrlə necə mübarizə apardın?
Sənin ömür yolunu lent kimi gözümün önündən keçirirəm – Naxçıvan, Moskva, Bakı... Sən məsuliyyətdən qaçmadın. Əksinə, onu üzərinə götürdün. Necə ki, özün deyirdin: “Mən belə bir ağır vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürürəm.” Zərifə xanımdan sonra yaşamağa necə güc tapdın? Səni həyata bağlayan nə idi? Düşünürəm, düşünürəm, düşünürəm...
Bu sualın cavabı artıq mənim üçün aydındır – Vətən sevgisi. Sən sıfırdan bir ölkə inşa edib bizlərə miras qoydun. Bu sevgi ilə dolu ürəyi bizə əmanət etdin. Axı əmanətə xəyanət olmaz.
Heydər baba, bundan sonra dərslərin və həyatın çətinliklərindən qorxmayacağam. Yorulduğumda sənin şəklinə baxacağam. Sənin mübarizəni xatırlayıb deyəcəyəm:
“Mən bütün məsuliyyəti öz üzərimə götürürəm.”
Nəzrin Əliyeva
Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, II kurs tələbəsi