Nəbi Xəzri poeziyasına həsr olunmuş elmi seminar
08 dekabr 2023-cü il tarixində BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasında “Nəbi Xəzri poeziyası şəxsiyyətin formalaşmasında mənəviyyat kodeksdidir” mövzusunda elmi seminarı keçirilib.
Mövzu ilə bağlı çıxış edən kafedranın baş müəllimi Gülümsər Abbasova Nəbi Xəzri poeziyasının gənc nəslin formalaşmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynaya biləcəyini xüsusi vurğulayıb.
N.Xəzri yaradıcılığı mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanin mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən N.Xəzri poeziyası dünya,insan və təbiət haqqında fəlsəfi məzmunu , yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində tam mənəviyyat kodeksi kimi dəyərləndirilə bilər.
Elmi seminarda məqsəd N.Xəzri poeziyasının bizə aşıladığı təmizlik, saflıq, vətənpərvərlik, sədaqət, mərdlik, gözəllik kimi bəşəri dəyərlərdən tədris prosesində gənc nəslin cəmiyyətə layiqli şəxsiyyətlər kimi yetişdirilməsində istifadə etməkdir.
Məruzəçinin çıxışından sonra kafedra müdiri professor Mətanət Abdullayeva öz müsbət fikrini bildirib və N.Xəzri poeziyasını belə dəyərləndirib: “Nəbi Xəzri təbiəti, heyvanlar aləmini, bitkiləri, kəpənəkləri, həşəratları görməkdən ötəyə keçir, onları hiss edir. Kantın bir fikri var: fenomen və nomen. Fenomen görünən aləmdir. Görünən aləmdə təzahür olunan keyfiyyətlər, əlamətlərdir. Biz ağaca baxırıq fotosintezi başa düşürük. Kök suyu çəkir, gövdəyə, yarpaqlara ötürür. Ağac oksigen ifraz edir, günəş şüalarını qəbul edir, bunlar fenomendir. Nomen isə odur ki, o canlı aləmdir. Onun canı var. O bitki, o ağac, o gül içəridə özünü necə hiss edir, o bizim üçün naməlumdur. Ona görə o bizim üçün nomendir. Nəbi Xəzri təbiət nə hiss edirsə, demək olar ki, ora çox yaxınlaşır və nomeni bize fenomen olaraq təqdim edir . Biz başa düşürük ki, dağ zirvədə özünü necə hiss edir, zirvədə özünü necə duyur və canlı aləmə o cümlədən insanlara necə baxır. Onun yaşantılarını N.Xəzrinin qəlbi hiss edirdi,ruhuyla hiss edirdi, kəpənəklə hiss edirdi və bu poeziya örnək olacaq bir poeziyadır”.