“Natiqin auditoriyada davranışı (Prezident İlham Əliyevin çıxışları əsasında)” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Natiqin auditoriyada davranışı (Prezident İlham Əliyevin çıxışları əsasında)” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarı giriş sözü ilə açan kafedra müdiri, professor İlhamə Hacıyeva bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Vətən müharibəsi başlayandan bu günə qədər dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi və mürəkkəb siyasi proseslərlə bağlı bütün sualları mükəmməl cavablandıran cənab İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb. Bu müsahibələr həm nitq materialı kimi, həm də tələbələrin dünyagörüşünün artırılması məqsədilə müxtəlif aspektlərdən təhlil olunmalıdır ki, bu da seminarın mövzusunun aktuallığını şərtləndirən mühüm amillərdən biridir.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Asifə Telman qızı Əliyeva BDU-nun Şərqşünaslıq fakültəsində dərs dediyi tələbələrlə birlikdə həm Prezidentin andiçmə mərasimindəki nitqini, həm də ayrı-ayrı xarici və yerli mətbuata verdiyi müsahibələr əsasında natiqin auditoriya davranışını müəllimlərin və seminar iştirakçılarının nəzərinə çatdırıb. Belə nəticəyə gəlinib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hətta 4-5 saat çıxış edəndə belə auditoriya yorulmur, hamı onu diqqətlə dinləyir. Bu da ondan irəli gəlir ki, cənab Prezident öz çıxışlarını auditoriyanın səviyyəsinə düzgün hesablayır. Onun bir neçə dili sərbəst bilməsi, bu dillərdə siyasi-iqtisadi və elmi-mədəni məlumatları verə bilməsi diplomatik natiqliyimizin gələcək inkişafından xəbər verir.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.