“Müxtəlif xalqlarda əkizlər mifi” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Müxtəlif xalqlarda əkizlər mifi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları və magistrantları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Könül Həsənova Əkizlər mifinin müxtəlif mədəni kontekst və mifoloji modellərdə öyrənilməsinin aktuallığından geniş şəkildə bəhs edib: “Bir çox dünya xalqlarının mədəniyyətində, mifoloji dünyagörüşündə, sosial həyatında Əkizlər mifi qəbilə əcdadları və ya mədəni qəhrəmanlar kimi çıxış edən möcüzəli varlıqlar haqqında mətnlərdir. Əkizlər mifologiyada və dində ikilik və tarazlığın simvolu kimi qəbul edilib. Əkizlərin xüsusi gücə malik olduğuna inanılıb və müəyyən mədəniyyətlərdə müqəddəs sayılıb. Əkizlər tarix boyu incəsənət və ədəbiyyatda təkrarlanan mövzu olub, fərdlər və ya cəmiyyət daxilində ikilik anlayışını ehtiva edib.. Əkizləri əhatə edən mədəni şərhlərin bir tərəfi onların əcdad ruhları ilə əlaqəsini əhatə edir. Bir çox adət-ənənələrdə əkizlərin əcdadları ilə bənzərsiz bir əlaqəsi olduğuna inanılıb, bu da fiziki səltənəti aşan mənəvi ikiliyi simvollaşdırıb. Bu inanc əkizlərin öz əcdadlarının mahiyyətini təcəssüm etdirməsi, keçmiş və indiki nəsillər arasında əlaqə rolunu oynaması ideyasından qaynaqlanıb. Əkizlərin androgin və zoomorfik funksiyaları ola bilir. Androgin başqa adı ilə hermafrodit- ikicinsli obrazlardır. V.N.Toporov göstərir ki, bunlar mifologiyada kişi və qadın cinsi əlamətlərini özündə birləşdirən mifoloji tanrılar, mifoloji əcdadlar, ilk insanlardır”.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə başa çatıb.