Müstəqillik Gününə və Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 28 May - Müstəqillik Gününə və Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “M.Ə.Rəsulzadə və Azərbaycan mühacirət ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov müasir dövlətçiliyimizin qurulmasında AXC-nin tarixi xidmətlərindən, milli-ideoloji düşüncənin formalaşında AXC quruclarının siyasi fəaliyyəti və dövrün ədəbi mühitinin əhəmiyyətindən söz açıb, artıq qalib və suveren ölkəmizin bu tarixi günü böyük fəxr və qürur hissi ilə qeyd etdiyini diqqətə çatdırıb. Məhəmməd Əmin Rəsulzadənin 130 və 140 illik yubileylərinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına toxunan dekan bu tarixi sənədlərdə görkəmli mütəfəkkirin fəaliyyətinə verilən böyük dəyərdən və Məhəmməd Əmin Rəsulzadə irsinə göstərilən dövlət qayğısından da danışıb.
“M.Ə.Rəsulzadə və Azərbaycan mühacirət ədəbiyyatı” adlı məruzə ilə çıxış edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı görkəmli dövlət xadiminin həyatı, siyasi və ədəbi irsi, mühacirətdə olduğu illərdə xalqımızın milli azadlıq məfkurəsinin təbliği istiqamətində gördüyü işlər barəsində geniş məlumat verib. Məruzəçi qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə ötən əsrin əvvəllərində mürəkkəb qlobal proseslərin baş verdiyi tarixi-siyasi şəraitdə Azərbaycanın azadlıq idealının reallaşdırılması və milli dövlətçiliyimizin ideoloji əsaslarının yaradılması yolunda böyük işlər görüb, yazdığı əsərlər öz dövrünün məfkurəsinə və ondan sonrakı nəslin düşüncəsinə ciddi təsir göstərib. Həmçinin çıxışda M.Ə.Rəsulzadənin mühacirətdə yazdığı əsərlər, rəhbərliyi ilə nəşr olunan jurnallar və dövrünün tanınmış ictimai xadimləri ilə şəxsi müasibətlərindən ətraflı bəhs olunub.
Elmi seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov çıxış edərək, M.Ə.Rəsulzadə irsinin gələcək nəsillərə aşılanmasının zəruriliyindən, ötən yüzilliyin əvvəllərində milli düşüncəli ziyalılarımızın yaradıcılıqlarındakı idealların bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilməsindən danışıb, türk dünyasının ayrılmaz parçası kimi ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan misilsiz quruculuq işlərini və türk dövlət başçılarının ölkəmizə rəsmi səfərləri çərçivəsində bu bölgələri də ziyarət etmələrini həmin tarixi missiyasının məntiqi davamı kimi yüksək qiymətləndiriblər.