Müəllim şərəfi, alim ləyaqəti
Yeganə xanımla 20 ilə yaxındır ki, eyni kafedrada çalışırıq. Bu illər ərzində onun görünməyən tərəflərini də kəşf etməyə çalışmışam.
Yeganə xanımın görünən tərəfi sadəliyi, səmimiliyi, mehribanlığı, bir müəllim kimi obyektivliyi, işinin öhdəsindən layiqincə gəlməyidirsə, görünməyən tərəfi mərdliyi, sədaqətli, etibarlı dost olması və dost yolunda cəfakeşliyidir. Dostlarından kimsə hansı problemlə üzləşərsə, imkan daxilində köməyini əsirgəmir. Mən belə insanlara çox önəm verirəm.
Alim kimi gözəl alimdir. Filologiya elmləri doktoru, professordur. 5 monoqrafiya, 3 dərs vəsaiti, 2 kitab, 100-ə yaxın elmi məqalənin müəllifi, 2 kitab və 2 tədris proqramının isə tərtibçisidir. Onlarla beynəlxalq səviyyəli elmi konfransların iştirakçısıdır.
Azərbaycan qadınına xas olan bütün atributlar bu xanımda cəmləşib. Hacıxanımdır. Gözəl həyat yoldaşı, qayğıkeş anadır. Təmkinli qaynana, mehriban nənədir. Qardaş-bacılarına dayaq ola biləcək əsl bacıdır.
İndi isə Yeganə xanımın alimlik manerasına nəzər salmağa çalışaq. Namizədlik dissertasiyasının mövzusu “Koroğlu dastanında obrazlar sistemi” olmuşdur. Folklora olan hədsiz maraq və sevgisi onu doktorluq işini də folklorla əlaqəli götürməyə vadar etdi. Yeganə xanım olduqca məhsuldar alimdir. Doktorluq işini bir neçə il ərzində işləyib yekunlaşdıraraq 2013-cü ildə “Kitabi-Dədə Qorqud “ eposu şifahi, qədim, orta və müasir Azərbaycan ədəbiyyatında” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi aldı. Bir neçə il sonra isə professor vəzifəsinə seçildi.
İşinin çox olmasına baxmayaraq, Yeganə xanım hər birinin öhdəsindən məharətlə gəlir. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq səviyyəli konfranslara qatılır, xarici univeristetlərdə mühazirələr oxuyur, dissertasiya müdafiələrində opponentlik edir. Bütün bunlar onun müəllimlik fəaliyyətinə mane olmur. Müəllim kimi də fəaliyyəti məhsuldardır.
Ali təhsilin bakalavr səviyyəsində “XIX əsr Azərbaycan ədəbiyyatı”, “XX əsrin əvvəlləri və Xalq Cümhuriyyəti dövrü Azərbaycan ədəbiyyatı,” “Ədəbiyyatşünaslığa giriş”, “Ədəbiyyat nəzəriyyəsi” fənnlərini, magistratura səviyyəsində “Azərbaycan ədəbiyyatşünaslığının müasir prblemləri” fənnini tədris edir.Asudə vaxtının az olmasına baxmayaraq müxtəlif xarakterli kütləvi tədbirlərin də fəal iştirakçısıdır. Bir sözlə, Yeganə xanım istər ailədə, istər də elmi və müəllimlik fəaliyyətində uğur qazanmağı bacarır.
Doktorluq işi çox aktual və maraqlı bir mövzu olduğu üçün onun mahiyyətinə qısa nəzər salaq:
Disertasiyanın birinci fəslində “Kitabi-Dədə-Qorqud” eposunun şifahi, qədim və orta əsrlər ədəbiyyatına təsir məsələləri araşdırılır və eposun həmin ədəbiyyatlarda əksinə analtik təhlillə güzgü tutulur:
“Eposun təsiri doğrudan da, Nizami yaradıcılığının çox dərin qatlarında, əslində isə, şairin etnik-poetik ənənələrə bağlılığında, bir azərbaycanlı kimi ruhunda, düşüncəsində daşınan oğuz-türk etnopoetikasındadır”
Yeganə xanım özündən əvvəlki tədqiqatlara söykənərək onlarin fikirlərilə çox zaman həmrəy olur:
“Bu baxımdan Kitabi-Dədə Qorqud” dastanlarının dili ilə XVI əsrdə qələmə alınmış məşhur “Şühədanamə”, Şeyx Səfi təzkirəsinin, Məhəmməd Füzulinin nəsr əsərlərinin, habelə XVII əsrin sonlarında qələmə alınmış “Şəhriyar” dastanının dil faktlarının müqayisəsi də bu abidələrdəki dil varisliyini təsdiq edir və aydın şəkildə göstərir”.
İkinci fəsildə eposun ümumilikdə XX əsr Azərbaycan nəsrinə təsiri və əksi məsələləri hərtərəfli araşdırılır.
Bu fəsildə tədqiqatlara müxtəlif baxış bucaqlarından yanaşaraq, onları saf-çürik etməyə çalışan Yeganə xanım yazır:
“Dədə Qorqud” abidələrindən bəhrələnməklə yaradılmış ilk qələm məhsulları Ə.Dəmirçizadə və M.Rzaquluzadəyə məxsusdur. M.Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi”, ”El gücü,” “Dəli Ozan” minieatür povestlərini bu gün də oxucu diqqətində saxlayan, milli uşaq ədəbiyyatımızın şedevrlərinə çevirən Azərbaycan xalqının milli-mənəvi energetikasının qaynağı olan “Kitabi-Dədə Qorqud “eposunun arxetipik simvollarının onun əsərlərində müasir bədii obraz və fiqurlar şəklində təcəssümüdür.”
Müəllif eyni yanaşmalarla Ə.Muğanlı nəsrinə də müraciət edir və onun iki hekayəsi (“Məclisə Dədə Qorqud gəldi”, ”Qorqud dədənin öyüdü”) və bir povestini (“Şəhriyar əfsanəsi”) yeni baxış bucağından dəyərləndirərək “tarixin romantik təqdimatının müasir dövrün gerçəkliyi ilə maraqlı şəkildə birləşdiyini” - qeyd edir.
Daha sonra Anarın “DədəQorqud” yaradıcığına baş vuran tədqiqatçı eyniadlı povest və kinossenarini “kinodastanı” təhlil edib dəyərləndirir:
“Beləliklə, bu milli ideyalar “Kitabi-Dədə Qorqud” dastanlarının canında, ruhunda yaşamaqla müasir ədəbiyyatımıza dastanın özündən gəlir. Həmin ideyalar öncə M.Rzaquluzadə, daha sonra Ə.Muğanlı nəsrində “mənəvi istiqamət”, Anar nəsrində isə “milli özünütəsdiq istiqaməti” kimi təzahür edir. Daha sonra isə Azərbaycan nəsrində Kamal Abdullanın yaradıcılığının simasında “Dədə Qorqud” motivlərinin tamamilə yeni və orijinal (postmodernist ) yozum istiqaməti yaranır. Bu İstiqamətdə də təsir məsələsi öz həqiqətini qoruyub saxlayır.
Azərbaycan nəsrinin iki əsrdə (XX və XXI) baş verən bədii yaradıcılıq təcrübəsi milli varlığımızda var olan “Dədə Qorqud” ruhunun əbədiliyini və həmişəyaşarılığını yalnız təsdiq edir.”
Üçüncü fəsildə isə alim “Çağdaş Azərbaycan poeziyası və dramaturgiyasında “Kitabi-Dədə Qorqud” ideyalarının əksini hərtərəfli araşdıraraq təhlil obyektinə çevirir. S.Vurğun, B.Vahabzadə, M.Araz və başqa şairlərin ədəbi nümunələri əsasında dastanların poeziyaya təsir aspektlərini açıqlayan tədqiqatçı fikirlərini dramaturgiyamızı təhlil zamanı da təsdiqləyə bilir:
“Milli düşüncə milli sxemlər əsasında gerçəkləşir. Bir milli düşüncə öz genetik sxemlərindən qırağa çıxarsa, o, artıq milli olmaz-özgələşər. Bu cəhətdən hər bir milli düşüncə əslində öz qaynağına – ilkinliyinə, başlanğıcına doğru “can atır.” Bu “canatma” milli düşüncənin mövcudluq üsuludur. Azərbaycan milli düşüncəsinin əsas kodlarından olan milli ədəbiyyatımız (eyni zamanda dramaturgiyamız) bütün tarixi boyunca heç vaxt “Kitabi-Dədə Qorqud”dan ayrı düşməmişdir”.
Gördüyümüz kimi, bir neçə dövrü əhatə edən sanballı, fundamental işin öhdəsindən Yeganə xanım məharətlə gəlmiş, layiqli bir tədqiqat əsəri ərsəyə gətirə bilmişdir.
Onun xeyirxah əməllərindən biri də Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini yenidən öz vəsaiti hesabına nəşr etdirməsidir.
Yeganə xanım müəllim kimi tələbələrinin sevimlisidir.Təkcə bilik verməklə kifayətlənməyib, onlara həyat dərsi keçən, ürəklərinə yol tapıb sevgilərini qazanan müəllimdir. O, bu şərəfli peşəni alim ləyaqəti ilə sintez etməyi bacaran və həyatını şərəflə yaşayan müəllimdir.
60 illik yubileyi ərəfəsində Yeganə xanıma sağlam ömür, uğurlu elmi-pedoqoji fəaliyyət arzulayıram. Azərbayan ədəbiyyatı tarixi kafedrasının bütün əməkdaşları adından onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Mətanət Saraçlı (Həsənova)
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti,
AYB-nin üzvü, Xarı bülbül mükafatı laureatı