“Müasir müəllim və etik qaydalar. Müəllim-şagird münasibətlərinin qurulması”
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Müasir müəllim və etik qaydalar. Müəllim-şagird münasibətlərinin qurulması” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səidə Nağıyeva mövzu ilə bağlı çox maraqlı və geniş məlumat verib. Çıxış zamanı məruzəçi şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətlərinin yüksək inkişaf səviyyəsinə nail olunmasının, hər şeydən əvvəl, təhsilin keyfiyyəti ilə bağlı olduğunu qeyd edib. Məruzəçi təhsilin keyfiyyətinin müəllim faktoru ilə tənzimləndiyini, müəllim şəxsiyyətinin bütöv insan olduğunu aşağıdakı şəkildə əsaslandırıb: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə müəllimin etik davranış qaydaları 25.11.2014 – cü ildə qəbul olunmuşdur. Etik davranış prinsipləri və onlara uyğun tələblər qanunun aliliyi vicdanlılıq, peşəkarlıq, və fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad kimi vacib məsələləri özündə ehtiva edir”. Seminarda görkəmli şəxsiyyətlərin (Aristotel, Platon, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Əhməd bəy Ağaoğlu və b.) mədəniyyət, etika və estetika haqqında fikirləri slaydlarla iştirakçılara nümayiş etdirilib. Eyni zamanda çıxışda Yaponiya, Finlandiya, Çin, Azərbaycan məktəblərində müəllim-şagird münasibətləri müqayisəli şəkildə öz əksini tapıb.
Səidə Nağıyeva çıxışını satira ustası M.Ə.Sabirin fikirləri ilə yekunlaşdırıb. Sonra seminar iştirakçılarından professor Mətanət Abdullayeva, dosentlər Rəhilə Quliyeva və Məhbubə Qurbanova mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı təəssüratlarını bölüşüblər.