“Müasir cəmiyyətdə verbal aqressiya və onun nəticələri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasında “Müasir cəmiyyətdə verbal aqressiya və onun nəticələri” mövzusunda elmi seminar keçirilib. Rus dilçiliyi kafedrası əməkdaşlarının iştirakı ilə keçən elmi seminarı giriş sözü ilə açan kafedra müdiri, dosent Elvira Heydərova seminarın mövzusunun aktuallığından söz açaraq bildirib ki, müasir cəmiyyətdə aqressiya problemi uzun müddətdir ki, sosiologiya, politologiya və psixologiya çərçivəsində öyrənilir. Lakin bu fenomenin dil və nitqdə nəzərə alınması, ilk növbədə, XX əsrin sonu və XXI əsrin əvvəllərində dilçilikdə prioritetlərin dəyişməsi ilə bağlıdır. Nitq aqressiyasının aktual aspektlərdən biri olan ünsiyyətin optimallaşdırılması problemi xüsusilə əhəmiyyətlidir. Bu fenomenin müasir cəmiyyət həyatının bir çox sahələrinə aid olması da vacib məqamlardan biridir.
Mövzu ilə bağlı məruzə edən Rus dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Muradzadə qeyd edib ki, nitq aqressiyası zaman və milli parametrlərdən asılı olmayaraq, istənilən diskurs sahəsində özünü göstərən linqvistik hadisə kimi qəbul edilir. Məruzəçi vurğulayıb ki, bu konfliktli nitq davranışı təkcə şəxsiyyətlərarası ünsiyyət səviyyəsində deyil, həm də genişmiqyaslı sosial münaqişələrə səbəb ola bilər. Nitq aqressiyası problemləri son illər elmi ədəbiyyatlarda geniş şəkildə tədqiq olunub, onun həlli və aradan qaldırılması daha çox ünsiyyətdə tolerantlığın təbliği ilə bağlıdır. Lakin hazırda tolerant nitq davranışı məsələləri hələ kifayət qədər öyrənilməyib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzə ilə bağlı çıxışlar olunub. Seminar müzakirələrlə yekunlaşıb.