“Müasir Azərbaycan dilinin leksikologiyası” fənnindən açıq dərs
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Xansuvar qızı Vəliyevanın Filologiya fakültəsinin II kurs, Fl-175 qrupunda "Müasir Azərbaycan dilinin leksikologiyası" fənnindən "Leksikoqrafiya" mövzusunda açıq dərsi təşkil olunub. Açıq dərsdə kafedra müdiri, professor Tofiq Hacıyev, dosent Fikrət Əlizadə, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova və Nərmin Məmmədli iştirak ediblər.
Dərs zamanı tələbələr Azərbaycan dilində leksikoqrafiyanın inkişaf istiqamətlərindən, əsas obyekti olan lüğətlərdən geniş və ətraflı məlumat verib, dil üçün əhəmiyyətini izah ediblər. Tələbələr dərs boyunca lüğətçilik haqqında aydın təsəvvür yarada biliblər. Həmçinin bir sıra lüğətlərdən nümunələr göstərilərək, Azərbaycan dili üçün vacibliyi bir daha qeyd olunub. İnteraktiv üsulla baş tutan açıq dərs tələbələrin fəallığı ilə diqqət çəkib. Sonra kafedra əməkdaşları fənnin tədrisinin keyfiyyətini müzakirə edərək, müəllim və tələbələrə öz tövsiyələrini veriblər. Dərsin gedişi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və bu tipli dərslərin davamlı olmasının vacibliyi diqqətə çatdırılıb.