“Mövlana Cəlaləddin Rumi” mövzusunda tələbə elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Ədəbiyyatşünaslıq klubunun və Türkoloji dərnəyin təşkilatçılığı ilə “Mövlana Cəlaləddin Rumi” mövzusunda tələbə elmi seminarı keçirilib. Elmi seminarda Türkologiya kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Filologiya fakültəsinin tələbəsi, Ədəbiyyatşünaslıq klubunun sədri Nəzrin Əliyeva Mövlana Cəlaləddin Ruminin həyatı və yaradıcılığını, onun dərin irfani fikirlərini "Məsnəvi" əsəri əsasında təhlil edib. Məruzədə Rumi yaradıcılığında, xüsusən də, onun "Məsnəvi" əsərində "kamil insan konsepsiyası" məsələsinə toxunulub, mövzu ilə bağlı şəkillər və Ruminin şeirlərinə bəstələnmiş musiqilər, onun yaratdığı səmazən rəqsləri ilə bağlı videoçarxlar təqdim olunub. Sonra Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, dosentlər - Qızılgül Abdullayeva, Sevda Sadıqova, Kəmalə Nəcəfova və "Türkoloji araşdırmalar" ETL-in elmi işçisi Ramil Bayramov çıxış edərək məruzəyə dair fikirlərini bölüşüb, gənc tədqiqatçıya öz tövsiyələrini veriblər.
Seminar müzakirələrlə yekunlaşıb.