“Monoloji nitq” mövzusunda elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Monoloji nitq” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi Gülər Möhsün qızı Sənani qeyd edib ki, monoloji nitq bacarıqlarının formalaşması hər bir şəxsin yüksək intellektual və bilik səviyyəsinin göstəricisidir. Lakin bu bacarıqların mənimsənilməsi üçün gərgin zəhmət çəkmək lazımdır. Monoloji nitq dialoji nitqdən həm dil, həm də məzmun cəhətdən mürəkkəbdir. Monoloqun iki forması mövcuddur: şifahi və yazılı. Monoloji nitq bir sıra sahələrdə işlənilir: elmi məruzələrdə, siyasi və sosial mövzularla bağlı çıxışlarda, ali məktəb auditoriyalarında mühazirələrdə və s. Monoloji nitqin əsas tələbləri bunlardır: ədəbi dilin normalarına uyğunluq, söz ehtiyatının zənginliyi, dil vasitələrinin üslubi xüsusiyyətləri, qrammatik qaydalara riayat etmək.
Çıxışda bildirilib ki, monoloji nitqə hazırlığın bir neçə mərhələsi vardır. Birincisi, mövzunun seçilməsidir. Belə ki, mövzu dinləyicilərin yaşına, bilik səviyyəsinə və həyat təcrübəsinə uyğun olmalıdır. İkincisi, monoloji nitqin planının tərtib olunmasıdır ki, burada məruzənin girişi, əsas hissəsi və yekunu olmalıdır. Üçüncüsü, məruzəçi çıxışda işlənilməsi gözlənən sözləri qiymətləndirməlidir, hər sözü öz yerində işlətməlidir. Dördüncüsü, dil materialının tələffüz qaydaları gözlənilməlidir. Bununla da, monoloji nitqin əhatəsi nəzərə alınaraq, tələbələrə bu nitq bacarıqlarının mənimsənilməsi üçün münasib tipli çalışmalar üzərində işləməyi təklif etmək lazımdır.
Seminar müzakirələrlə yekunlaşıb.