Milli Dirçəliş Gününə həsr olunmuş tədbir
BDU-nun Filologiya və Fizika fakültələrinin Könüllülərinin təşəbbüsü ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov azadlığımız və ərazi bütövlüyümüz uğrunda Azərbaycan xalqının apardığı tarixi mübarizələrdən, Milli Dirçəliş Gününə gedən tarixi yolun və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətindən söz açıb, o dövrlə bağlı xatirələrini bölüşüb, milli məsələlərdə gəncləri yumruq kimi bir olmağa çağırıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov bu əlamətdar hadisə ilə müstəqil Azərbaycan uğrunda milli mübarizənin təməlinin qoyulmasından, bu hərəkatda əsas qüvvənin gənclər olmasından, həmin dövrün ictimai-siyasi mənzərəsindən və hərəkatın doğurduğu nəticələrdən söz açıb. Bildirib ki, xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yaranıb, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub və hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Filologiya fakültəsinin I kurs tələbəsi Fidan Namazova və Fizika fakültəsinin I kurs tələbəsi Günay Əliyevanın aparıcılığı ilə keçirilən tədbirdə tələbələrdən Səbinə Məmmədzadə və Vəfa Əliyevanın Milli Dirçəliş Gününə həsr olunmuş çıxışları dinlənilib, Elnarə Əliyevanın hazırladığı təqdimat nümayiş olunub, Aytac Salahlı və Mirgülbacı Musalı “İstiqlal marşı” şeirini səsləndiriblər.
Sonda Filologiya fakültəsi Könüllülərinin sədri Rəvan Quliyev və Fizika fakültəsi Könüllülərinin sədri Ramazan Hüşənov çıxış edərək, tədbirin təşkil olunmasında fəal iştirak edən tələbələrə təşəkkürlərini bildiriblər.