“Milli dəyərlərimiz və folklorumuz” mövzusunda ədəbi-bədii tədbir
BDU-nun Filologiya və Geologiya fakültələri üzrə Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşəbbüsü ilə “Milli dəyərlərimiz və folklorumuz” mövzusunda ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov folklorun Azərbaycan mədəniyyətində tutduğu önəmli yerdən bəhs edib. O qeyd edib ki, folklor yalnız keçmişin mirası deyil, eyni zamanda xalqımızın düşüncə tərzini, həyat fəlsəfəsini, milli kimliyini yaşadan və gələcək nəsillərə ötürən canlı irsdir. Hümbət Bədəlov aşıq sənətinin milli ədəbiyyatımızda və musiqi mədəniyyətimizdə mühüm rol oynadığını vurğulayaraq, bu sənətin poeziya, musiqi və dastan yaradıcılığı ilə vəhdətdə mövcud olduğunu diqqətə çatdırıb.
Tədbirdə Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə çıxış edərək, folklorun yaranma səbəbləri, onun ilkin tarixi formaları, müxtəlif folklor janrları və bu janrların tarixi inkişaf mərhələləri barədə geniş məruzə ilə çıxış edib. O, folklorun xalqın yaddaşı olduğunu, xalqın başına gələnləri, qəhrəmanlarını, arzu və ideallarını nəsildən-nəslə ötürdüyünü qeyd edərək, bu mirasın qorunub saxlanmasının və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Sonra Azərbaycan folkloruna həsr olunmuş xüsusi videoçarx nümayiş olunub. Videoçarxda xalq nağılları, bayatılar, məsəllər, aşıq sənəti və digər folklor nümunələrinin tarixi və estetik əhəmiyyəti əks olunub. Tələbələr maraqla qarşılanan bu videoçarx vasitəsilə xalq yaradıcılığının zənginliyinə və müxtəlifliyinə bir daha şahid olublar.
Tədbirin bədii hissəsində folklorun ayrılmaz hissəsi olan aşıq sənətinın tanınmış simaları Aşıq İmran Həsənovun və Aşıq Əkbər Cəfərovun ifasında “Göyçə gözəlləməsi” havası videoformatda təqdim olunub. Bu ifalar xalq musiqisinin incəliklərini və aşıq sənətinin poeziya ilə vəhdətini nümayiş etdirərək tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.