Məhəmməd Məmmədov və Könül Həsənovanın açıq dərsləri
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Filologiya fakültəsinin IV kursunun 134-cü qrupunda “Mifologiya” fənnindən “Slavyan mifologiyası. Allahlar panteonu: Perun və Vales” mövzusunda açıq dərs keçirib. Mühazirəni mövzu üzrə hazırlanmış slayd müşayiət edib. M.Məmmədov öncə slavyan mifologiyasına həsr olunmuş tədqiqatlardan bəhs edərək Qlinka, Vernadski, Lixaçov, İbn Fədlan, Rıbakov, Afanasyev, Aniçkov, Potebnya, Zelenin, İvanov kimi alimlərin araşdırmalarından danışıb. Bütpərəst slavyanların tanrılarının hər biri ilə bağlı məlumat verib. Ruh və canla bağlı slavyanların görüşləri barədə M.Məmmədovun verdiyi məlumatlar xüsusilə maraq doğurub. Müəllim dərsi monoloq şəkildə deyil, müasir tələblərə uyğun olaraq, dialoq formasında qurub. Mütəmadi olaraq tələbələrə suallar verərək auditoriya ilə əlaqə yaradıb, kontaktın ikitərəfli olmasını nəzarətdə saxlayıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənova Filologiya fakültəsinin IV kursunun 136-cı qrupunda “Azərbaycan mifologiyası” fənnindən “Azərbaycan türklərinin mifoloji düşüncəsində şamanızm və ruh həyatı ilə əlaqəli obrazlar” mövzusunda açıq dərs keçirib.
Müəllim məşğələ dərsini jurnalı yoxlamaqla başlayaraq frontal sorğu aparıb. İlk 45 dəqiqə keçən mövzuya, ikinci 45 dəqiqə isə yeni mövzuya həsr olunub. Müəllimin sualları mövzuları tam açıqlamağa, bütün aspektləri işıqlandırmağa imkan verib. Tələbələr çox hazırlıqlı olublar, hər biri mövzuya uyğun hazırladıqları slaydları təqdim ediblər. Tələbələr öz çıxışlarında şamanın geyimi, atributları, ritualı, funksiyaları, şamanizmin din yoxsa inanc sistemi olması ilə bağlı fikirləri səsləndiriblər. Şaman mərasimini təsvir edən bir neçə videoçarx da göstərilib.
Hər iki müəllimin açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.