Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli yaradıcılığı: ideya, üslub, poetika problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Plenar iclasın moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı Azərbaycan filoloji fikir tarixində böyük filosof-şairin yeri, ölkəmizdə füzulişünaslığın inkişafından danışıb.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın tarixi əhəmiyyətindən, ölkəmizdə Füzuli irsinin, sənətkarlığının və yaradıcılığının öyrənilməsində BDU alimlərinin müstəsna xidmətlərindən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şair və alim, professor Mahirə Nağıqızı Azərbaycan ədəbiyyatında Füzuli dühasının xüsusi mərhələ təşkil etməsi, şairin özündən sonra Şərqdə böyük məktəb yaratması, uzun əsrlər Füzuli ənənələrinin uğurla davam etdirilməsini qeyd edərək, şairin hikmət xəzinəsinin bütün dövrlər üçün əhəmiyyətli olduğunu və bu zəngin irsin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
Plenar iclasda Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Folklordan görünən Füzuli”, BDU-nun Ərəb filologiyası kafedrasının professoru Aidə Qasımova “Füzuli həmmamiyyəsi və onun ərəb ədəbiyyatındakı öncül nümunələri”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva “Məhəmməd Füzuli yaradıcılığında su və onun atributları” adlı məruzələrlə çıxış ediblər.
Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, Məhəmməd Füzulinin ədəbi-bədii və fəlsəfi fikrin inkişafında rolundan, dahi sənətkarın irsinin öyrənilməsi ilə bağlı görülən işlərdən danışaraq, konfransın işinə uğurlar arzulayıb.
Konfrans öz işini dörd bölmə iclası ilə davam etdirib. “Məhəmməd Füzuli yaradıcılığında mövzu və ideya problemləri”, “Füzuli ədəbi məktəbi və Füzulinin tədqiqatçıları”, “Füzuli əsərlərinin dil və üslub xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” mövzularında keçirilən bölmə iclaslarında qırxdan çox məruzə dinlənilib.