“Manixey əlifbası” mövzusunda elmi seminar
BDU-nun Türkologiya kafedrasında “Manixey əlifbası” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Afaq Məmmədova bildirib ki, Manixey dinini qəbul etmiş türklər dini mövzuları əsasən mani əlifbası ilə yazıblar. Mani əlifbası Estrangelo yazısından əmələ gəlib. Manixey əlifbası türk dilində yazmaq üçün Göytürk əlifbasından daha az, uyğur əlifbasından isə daha çox əlverişli idi. Türk dilinə uyğunlaşdırılmış manixey əlifbası 36 hərfdən ibarət idi və bunlardan 12 qrafem yalnız türkcə spesifik səsləri bildirmək üçün istifadə olunub. VII-VIII əsrlərdə manixey əlifbası ilə yazılmış gözəl poeziya nümunələri vardır: “Aprın Çor tigin”, “Kül tarkan”, “Asığ tıdun” və s. Bu abidələr haqqında A.Lekok, V.Banq, A.Qaben, R.R.Arat kimi tədqiqatçıların tərcümə və nəşrləri vardır.
Məruzədən sonra kafedranın professoru Məhərrəm Məmmədli mövzu ətrafında çıxıb edib, Manixey əlifbasının mənşəyi ilə bağlı fikirlərini bölüşüb. Elmi seminar müzakirələrlə yekunlaşıb.