M.F.Axundzadənin 210 illiyinə həsr olunmuş elmi seminar
Noyabrın 14-də BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin 210 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda M.F.Axundzadə irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamı oğlu Musayev “M.F.Axundzadə: mühiti, elmi bioqrafiyası və yeni tipli ədəbiyyat yaradıcılığı” adlı məruzə ilə çıxış edib.
Məruzəçi M.F.Axundzadənin dövrü, mühiti, həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib, dramaturqun irsi ilə bağlı mühüm məlumatları iştirakçıların diqqətinə çatdırıb. Xüsusilə əski əlyazmalara və nəşrlərə istinad edərək, M.F.Axundzadənin fəaliyyəti haqqında mübahisə doğuran məsələlər haqqında geniş izahlar verib, böyük mütəfəkkirə məxsus 1853-cü ildə hazırlanmış “Mirzə Fətəli Axundovun komediyaları” adlı kitabın əslini auditoriyaya təqdim edib. Bildirib ki, kitabda yazıçının “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan, həkimi-nəbatat və dərviş Məstəli şah, cadükuni-məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti-xırsi-quldurbasan”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)” pyesləri yer alıb.
Sonra M.F.Axundzadənin maarifçi görüşləri, dinə münasibəti, sovet ideologiyasının təsiri altında böyük Azərbaycan mütəfəkkiri haqqında formalaşmış müxtəlif görüşlərlə bağlı çıxışlar edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.