M.Ə.Sabirin 160 illiyi qeyd olunub
BDU-nun Filologiya fakültəsində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş “Sabir gecəsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və şairin nəvəsi - BDU-nun Bitki fiziologiyası kafedrasının dosenti, M.Ə.Sabir fondunun prezidenti Sevda Tahirli iştirak edib.
Tədbirin aparıcısı ədəbi-bədii gecəni açıq elan edərək, M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında məlumat verib, şairin ədəbiyyatımız və ədəbi dilimiz tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Mirzə Ələkbər Sabirin keşməkeşli ömür yolundan, saitirik şeirin inkişafında rolundan və ədibin irsinin öyrənilməsi sahəsində görülən işlərdən ətraflı bəhs edib. Natiq qeyd edib ki, Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabir türk-müsəlman dünyasında bu janrın qüdrətli təmsilçisi kimi tanınır. Ədəbiyyatımızda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış maarifçi-şair bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. Onun yaradıcılığı xalqın həyatı ilə sıx şəkildə bağlıdır və bu söz ustadını xalqından, millətindən ayırmaq, onun ədəbi irisini bu kontekstdən kənarda araşdırmaq mümkün deyil.
Böyük şairin nəvəsi - BDU-nun Bitki fiziologiyası kafedrasının dosenti, M.Ə.Sabir fondunun prezidenti Sevda Tahirli çıxış edərək, görkəmli sənətkarın irsinin öyrənilməsinə və təbliği işinə göstərilən diqqətə görə fakültə rəhbərliyinə təşəkkür edib. Bildirib ki, M.Ə.Sabiri yaşadan təkcə ailəsinin sevgisi yox, eləcə də xalqın, millətin məhəbbəti və dəyəridir.
Tədbirdə M.Ə.Sabirin həyatından bəhs edən videoçarx və şair haqqında görkəmli şəxsiyyətlərin fikirlərini əks etdirən təqdimat göstərilib, həmçinin tələbələrin ifasında ədibin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub, şairin satiralarından nümunələr səsləndirilib.