Laboratoriyanın 30 illiyinə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsində “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in yaradılmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in 30 illik tarixinə bir nəzər” mövzusunda elmi seminar keçirilib. Seminarda elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in böyük elmi işçisi İradə Kərimova və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova laboratoriyanın 30 illik fəaliyyəti haqqında ümumi məlumat verib. Bildirib ki, laboratoriya Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının 20.04.1990-cı il tarixli qərarı, Təhsil Nazirliyinin 10 fevral 1992-ci il tarixli 98 saylı, BDU rektorunun 27 aprel 1992-ci il tarixli 1/205 saylı əmrləri ilə təşkil olunub. Laboratoriyanın yaradılmasında əsas məqsəd elmi araşdırmaların aparılması, nəzəri və praktik əhəmiyyət kəsb edən aktual problemlərin təhlili, laboratoriyada tədqiqatların təşkili və yeniləşdirilməsinin təmin edilməsi, alınan elmi nəticələrin universitetin fəaliyyətinə daxil edilməsi olub.
Məruzəçi eyni zamanda qeyd edib ki, laboratoriya yarandığı dövrdən bu günə kimi iki istiqamətdə (Azərbaycan mühacirət ədəbiyyatı, bədii tərcümə) tədqiqatlar aparıb. Sovet quruluşunun dağılmağa başladığı dövrdə mühacir ədiblərin yaradıcılığına məxsus və qürbətdə olan “ədəbi tariximizi” tədqiq etməklə, tərcümə sahəsindəki faəliyyəti ilə Azərbaycan ədəbiyyatını və ədəbiyyatşünaslığını zənginləşdirməyə çalışıb.
Sonra “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları – Səidə Nağıyeva, Samirə Məmmədova və qonaq qismində İradə Kərimova mövzu ilə bağlı çıxışlar ediblər.