“Komminikasiya prosesində imicin rolu” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Komminikasiya prosesində imicin rolu” mövzusunda elmi seminar keçirilib. Professor-müəllim heyətinin iştirakı ilə baş tutan elmi seminarı giriş sözü ilə açan kafedra müdiri, professor İlhamə Hacıyeva mövzunun aktuallığından söz açıb. Mövzu ilə bağlı məruzə edən kafedranın müəllimi İradə Adil qızı Məhərrəmova qeyd edib ki, müasir dövrdə imic insanlar arasında istənilən ünsiyyətin, o cümlədən işgüzar kommunikasiyanın ən mühüm aspektlərindən biridir. Kommunikasiya prosesində imicin böyük rola və əhəmiyyətə malik olması hamı tərəfindən qəbul edilmiş bir həqiqətdir. İmic istənilən ünsiyyətin, o cümlədən işgüzar kommunikasiyanın ən mühüm məsələlərindən biridir. Fərdin və ya təşkilatın özünü sosioloji təqdimetmə forması olan imic əslində bizim kimliyimizdir. Hər hansı bir şirkət, müəssisə, təşkilatın obrazını əks etdirən imic korporativ imic hesab edilir. Etibarlı, nüfuzlu bir təşkilat fəaliyyətini stabil olaraq davam etdirir, uğur və qazanc əldə edir. Mübaliğəsiz olaraq demək olar ki, Bakı Dövlət Universiteti öz tələbəyönümlü, şəxsiyyətyönümlü və təhsilyönümlü fəaliyyəti ilə respublikamızın ali məktəbləri arasında yüksək imic qazanmış və onu qoruyub saxlamaqdadır.
Məruzəçi bildirib ki, işgüzar kommunikasiya prosesində istənilən işgüzar insanın, istərsə də, təşkilatın imicinə xüsusi diqqət yetirilməlidir, çünki imic uğurlu fəaliyyətin əsaslarından biridir.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib. Elm seminar müzakirələrlə yekunlaşıb.