“Klassik ədəbiyyatı nə üçün öyrənməliyik?!” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Klassik ədəbiyyatı nə üçün öyrənməliyik?!” mövzusunda elmi seminar keçirilib. Seminarda elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə və kafedranın professor-müəllim heyəti iştirak ediblər.
Məruzəçi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva çıxışında ədəbiyyatla fəlsəfəni birləşdirən ortaq konseptlərə diqqət yönəldərək, azadlıq konsepti üzərində dayanıb və bu konseptin mahiyyəti haqqında müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin fikirlərini analiz edib. Mətanət Abdullayeva çıxışında antik, orta və yeni dövr filosoflarının azadlıq ideyalarını sufilik fəlsəfəsi ilə müqayisəli şəkildə təhlil edib, görkəmli şair - filosofların yaradıcılığından poetik nümunələr təqdim edib. Problemin analizindən çıxan nəticədən bəlli olur ki, təsəvvüf fəlsəfəsində fundamental azadlıq maddi aləmdə deyil, mərifət adlanan insanın batini yolu - özünüdərk yoludur.
Məruzəçi “Rasionalist fəlsəfə azadlığın statik təlimini yaradır, əslində isə azadlıq dinamikdir, dinamik yolla da əldə oluna bilər”, -deyən filosof Nikolay Berdyayevin fəlsəfi təliminin mərifət yolu ilə oxşarlığını qeyd edib, Nizamidən və Füzulidən gətirdiyi nümunələrlə fikrini əsaslandırıb. Tədqiqatçı nəticə olaraq müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin azadlıq və xoşbəxtlik anlayışlarının vəhdətini və insanın mənəvi – ruhani oyanışı olduğunu vurğulayıb.
Sonra seminar iştirakçıları məruzə ilə bağlı çıxışlar edib, mövzuya dair suallar ünvanlayıblar. Dekan müavini dosent Mehriban Əlizadə qeyd edib ki, bugünkü seminar çox mühüm bir məsələyə həsr olunub. Burada insan ruhunun təmizliyindən danışılır, insanın mənəvi dünyası ön plana çəkilir. Mövzu insanı saflaşdırır, düşündürür. Həmçinin dosentlər Rəhilə Quliyeva, Rəna Mahmudova və digər iştirakçılar məruzəyə dair fikirlərini bölüşüb, alimin görüşlərini yüksək qiymətləndiriblər.
Elmi seminar müzakirələrlə yekunlaşıb.