“Kitabi- Dədə Qorqud”un üçüncü əlyazması haqqında
BDU-nun Filologiya fakültəsində “Dədə Qorqud” ETL-in təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanının üçüncü əlyazmasının tədqiqi” adlı elmi seminar keçirilib. “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva çıxış edərək bildirib ki, “Kitabi-Dədə Qorqud”un bu günə qədər iki nüsxəsi məlumdur. 2019-cu il aprelin 25-də Bayburt Universitetində keçirilən “Dədə Qorqud” simpoziumunda türkiyəli professor Metin Ekici “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsinin tapıldığı haqqında ilk dəfə açıqlama verib. Professor açıqlamasında bu əlyazmanın təxminən XIV-XVI əsrlərdə qələmə alındığını qeyd edib. Yeni əlyazmanı “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi adlandıran alim mətnin, əsasən, söyləmələrdən və yeni bir boydan ibarət olduğunu göstərib, onu “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyu adlandırıb.
AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru B. Quliyev mövzu ilə bağlı çıxışında araşdırmaları iki istiqamətdə təqdim edib: a) “Türkmən Səhra” nüsxəsi ilə birbaşa bağlı olan qaynaqlar; b) digər türkdilli qaynaqlar.
BDU-nun Türkologiya kafedrasının professoru Ramiz Əskər dastanın üçüncü nüsxəsi ilə bağlı fikirlərini bölüşərək bildirib ki, “AMEA-nın Folklor İnstitutu böyük etimad göstərərək bu nüsxəni mənə öz doğma dilimizə tərcümə etməyi həvalə edib. Mən də bu etimadı doğrultmaq üçün var gücümlə çalışdım. İnanıram ki, bu eposun bütün boyları elm aləminə məlum olacaq və biz “Dədə Qorqud” dastanlarını tam şəkildə tədqiq edəcəyik”.
Sonra Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov üç il əvvəl elm aləminə məlum olan üçüncü nüsxənin özəlliklərindən və bunun türk dünyası üçün əhəmiyyətindən söz açıb.
Sonda “Dədə Qorqud” ETL-in kiçik elmi işçisi İlhamə Babanlı Türkiyədə qorqudşünaslıqla bağlı aparılan işlər, xüsusilə sonuncu əlyazma ilə bağlı Əhməd Bican Ərcilasun, Əli Duymaz, Necati Demir, Timur Qoca oğlu, Yusif Asmun və başqalarının nəşr etdirdiyi kitablar haqqında məlumat verib.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.