“Kitabi-Dədə Qorqud”un nəşri və tarixi tədqiqatlarda” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə Qorqud”un nəşri və tarixi tədqiqatlarda” mövzusunda elmi seminarı keçirilib. Öncə mövzu ilə bağlı təqdimat nümayiş etdirilib, sonra məruzəçilərə söz verilib.
Laboratoriya müdiri Almara Nəbiyevanın məruzəsində qeyd olunub ki, uzun illər “Kitabi-Dədə Qorqud” dastanı təzyiqlərə məruz qalıb və qadağan olunmuş abidələr siyahısında yer alıb. Siyasi vəziyyətin dəyişilməsi ilə isə yeni mərhələyə qədəm qoyulub. Artıq qabaqcıl elm xadimləri və ziyalılarımız hər bir vəchlə zamanı eposun xeyrinə dəyişməyə səy göstəriblər. Bu şərəfli missiyanın ilk nümayəndələri H.Araslı, Ə.Dəmirçizadə, M.A.Dadaşzadə və M.H.Təhmasib 1957-ci ildə “Kommunist” qəzetində” (06, 26 mart) bəraət məqaləsi ilə çıxış ediblər. Elə həmin ildə H.Araslının “Xalq ədəbiyyatının qiymətli abidəsi – Dədə Qorqudun yeni əlyazması” adlı məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb.
Məruzəçi qeyd edib ki, “Kitabi-Dədə Qorqud”un tədqiqi və təbliğinin mühüm bir qolu mühacirət illərinə təsadüf edir. Həmin dövrün görkəmli qələm sahibləri rus çarizminin müstəmləkəçilik siyasətinə, sovet rejiminə etiraz əlaməti olaraq doğma vətənlərini tərk edərək xaricə gediblər. Tərki-vətən olan istedadlı elm fədailərimiz qardaş ölkə Türkiyə, Polşa, Fransa, İsveçrə və Almaniya kimi ölkələrdə mühacir həyatı yaşayıblar. Bu baxımdan, sözsüz ki, “Kitabi-Dədə Qorqud” dastanı diqqətdən kənarda qala bilməzdi. Bu sırada ilk adı çəkiləcək tədqiqatçılardan biri Ə.Abid və M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, İren Melikoff kimi alimlərin araşdırmalarını da qeyd edə bilərik ki, onların bu işdə xidmətləri böyük, əməyi isə danılmazdır. Sonrakı illərdə qorqudşünaslar sırasına qoşulan Ə.Qarabağlı, E.Əlibəyzadə, T.Hacıyev, M.Seyidov, S.Əlizadə, F.Zeynalov, K.Vəliyev, K.Abdulla, A.Hacıyev, P.Xəlilov, F.Əlimirzəyeva, C.Nağıyev və b. tədqiqatçılar öz araşdırmaları ilə xeyli işlər görüblər.
Məruzəçi Aidə Əzimovanın çıxışında bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanda ötən yüzilliyin 30-cu illərindən tədqiq olunmağa başlanıb. Ancaq təəssüf ki, az sonra onun tədqiqinə yasaq qoyulub. Dastan Azərbaycan K(b)P-nin 1951-ci ilin may ayında keçirilən XVIII qurultayında şiddətli tənqid obyektinə çevrilib, “başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn Oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmiş”, “millətçilik zəhəri ilə dolu”, “müsəlman olmayan başqa xalqlara, əsasən, gürcü və erməni xalqlarına qarşı yazılmış” kitab kimi xarakterizə edilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin bütün sahələri kimi, “Kitabi-Dədə Qorqud” dastanına, onun genişmiqyaslı, dərindən, hərtərəfli tədqiqinə də diqqət artırılıb. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının 14 aprel 2000-ci ildə keçirilən yekun iclasında qeyd edildiyi kimi, “hər bir kollektivdə, hər bir şəhərdə, hər bir rayonda, hər bir qəsəbədə, kənddə Dədə Qorqud yada salındı, təbliğ olundu, Dədə Qorqudun tanınması üçün xeyli işlər görüldü”.
Rəna Cavadova məruzəsində diqqətə çatdırıb ki, türk xalqlarının tarixini, yaşam tərzini, məişətini bədii cəhətdən yüksək səviyyədə əks etdirən “Kitabi-Dədə Qorqud” dünya dastanşünaslığında ən çox tədqiq olunan abidələrdəndir. Onu ilk dəfə elm aləminə tanıtdıran və səkkiz boyunu alman dilinə tərcümə edən alman şərqşünası Henrix Fridrix fon Ditsdən sonra dastanın öyrənilməsinə maraq artıb. Abidə elm aləminə məlum olduğu tarixdən müxtəlif alimlərin tədqiqat obyektinə çevrilib. Azərbaycanda Əmin Abid, A.Musaxanlı, H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib, Türkiyədə F.Köpürlüzadə, Orxan Şaiq Gökyay, Suat Hezarçı, Orta Asiyada B.A.Karrıyev, Q.Zərifovun və başqalarının tədqiqatları buna nümunədir.
Məruzəçi onu da vurğulayıb ki, 2004-cü ildə cənab İlham Əliyevin Belçikanın paytaxtı Brüssel şəhərində Dünya Gömrük Təşkilatının iqamətgahı qarşısında “Dədə Qorqud” abidəsinin açılışında iştirak və çıxış etməsi bu eposa verilən dəyərin yüksək ifadəsi idi.
Seminar müzakirələrlə yekunlaşıb.