“Kitabi-Dədə Qorqud” eposunda xalqın milli ruhunun və dilinin təcəssümü” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə Qorqud” eposunda xalqın milli ruhunun və dilinin təcəssümü” adlı elmi seminar keçirilib. Elmi seminarı açıq elan edən laboratoriya müdiri Almara Nəbiyeva qeyd edib ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanına əsasən, hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.
Mövzu ilə bağlı məruzə edən professor Adil Babayev bildirib ki, etnik düşüncəsinin ən mükəmməl qaynaqları sırasında “Kitabi-Dədə Qorqud” dastanı müstəsna imkanlıqla səciyyələnir. Epos məfkurəsindən gələnlər, toplumun etnoqrafik zənginliyi, istimai-siyasi, tarixi-mədəni müstəvidə müəyyənləşmiş kutsal sistemi bütün parametrlərdə milli ruh, dil və mədəniyyət təsəvvürünə bağlanır. Xalqın canlı tarixi kimi səciyyələnən “Dədə Qorqud” eposu həm də milli kimlik göstəricisidir. Ayrı-ayrı boylar, eləcə də boy daxilindəki epizodlar, dastan müqəddiməsi etnosu ifadə baxımından bir əvəzsizliyi özündə ehtiva edir. Hadisə və əhvalatların təqdim üsulları, sözün məna yaddaşı, mətn fenomenliyi baxımından ilahi bir simmetriyanı diqqət önünə gətirir. Oğuz tayfalarının qıpçaqlar və oğuzlar timsalında işarələdiyi müəyyənli, məsələn, qıpçaqlara “onlar”, oğuzlara isə “biz” deyimi toplum səviyyəsində normativlərin gedişini və ümumi sistemini açıqlayır. “Dədə Qorqud” eposu özlüyündə milli kimliyin ən mükəmməl modelidir. Dastanda müxtəlif aspektlərdə özünü göstərən zənginliyi, etnoqrafik rəngarənglikdən onu ifadə modellərinə qədər olanlar bunun göstəricisidir. Ailə institutu və oradakı kutsal davranış sistemi məsələn, atanın və ananın ailədə olan ali mövqeyi, ər-arvad, ata-oğul, ana-övlad münasibətləri və s. etnik kimliyin ən bariz nümunəsi olaraq örnək funksiyasını yerinə yetirir. Bütün bunlar “Kitabi-Dədə Qorqud” dastanlarının milli kimlik və dil zənginliyi baxımından daha sistemli təhlillərin aparılmasını aktuallaşdırır.
Y.Balasaqunlu deyirdi ki, gözəlliyin meyarı gözdür, ağılın meyarı sözdür - Ö.F. Nemanzadə: “Milliyinin tək nişanı dildir”. Uşinski: “Bir millətə hər şeyini ver, dilini al, o öləcək, bir millətin hər şeyini al, dili qalsın, o inkişaf edəcək, öz ədəbiyyatını yaradacaq”.
Dədə Qorqud Məhəmməd peyğəmbərin düşüncə intervalı deyil, ondan qabaqkı dövrdür ki, biz fəxr edə bilərik ki, milli ruhumuz, milli dilimiz o vaxtdan formalaşıb, lakin uzun müddət farsların təsiri altında olub. Bununla belə, dilimiz öz varlığını qoruyub saxlamış və ondan üstün olduğunu göstərə bilmişdir. Necə ki, Firdovsi ərəb dilinin təsiri altından fars dilini xilas etdi, eləcə də bizim dilimizi də İ.Həsənoğlu, Ş.Xətai, Nəsimi ilə Füzuli fars dilinin altından ana dilimizi çəkib göstərdi ki, mənim şeir dilim fars ,mübahisə dilim ərəb, doğma dilim-ana dilim türk dilidir.
Məruzəçi sonda qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanı təkcə Azərbaycan türklərinin deyil, bütün türkdilli xalqların keçmişini, ədəbi-bədii düşüncəsini özündə əks etdrir. Dastan ədəbiyyat tariximizin, folklorumuzun,eyni zamanda xalqın milli ruhunun və dilinin öyrənilməsi üçün əsas mənbədir.