“Kitabi-Dədə Qorqud” eposunda xalqımızın milli adət və ənənələrinin əksi” mövzusunda elmi seminar keçirilib
Martın 17-də BDU-nun Filologiya fakültəsi “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə-Qorqud” eposunda xalqımızın milli adət və ənənələrinin əksi (Novruz çərşəmbələri)” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan laboratoriya müdiri Almara Nəbiyeva iştirakçıları bayram münasibətilə təbrik edib, “Kitabi-Dədə Qorqud” dastanlarında əks olunan milli adət-ənənələrdən və müasir dövrdə də öz izlərini qoruyub-saxlayan bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən söz açıb.
Mövzu ilə bağlı məruzə edən professor Adil Babayev dastanda Novruz bayramı ilə əlaqəli yer almış mühüm məqamlardan bəhs edib, eposdakı bu cizgilərin milli-mənəvi dəyərlərimizlə bağlılığına toxunub. Bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir.
Sonra laboratoriyanın digər əməkdaşları Novruz bayramı ərəfəsində keçirilən çərşənbələrdəki adət-ənələr, mərasimlər, meydan tamaşaları, ümumən bayram ənənələri haqqında çıxışlar ediblər. Sonda məruzəçilərə suallar ünvanlanıb, məruzələr ətrafında müzakirələr edilib.