“Kitabi-Dədə Qorqud” dastanında Naxçıvan toponimləri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə Qorqud” dastanında Naxçıvan toponimləri” mövzusunda elmi seminar keçirilib. ETL əməkdaşlarının iştirakı ilə keçən elmi seminarı giriş sözü ilə açan laboratoriya müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva seminarın mövzusunun aktuallığından söz açaraq, “Kitabi-Dədə Qorqud” dastanının ümumtürk abidəsi və milli-mədəni irsimizin tarixi yaddaşı kimi özündə əks etdirdiyi qədim izləri, xüsusilə dastanın onomastikası haqqında mühüm məqamları diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Dədə Qorqud” laboratoriyasının kiçik elmi işçisi Ülviyə İbrahimova dastanda işlənən Naxçıvan toponimlərinin öyrənilməsinin ictimai-siyasi və mənəvi cəhətdən mühüm əhəmiyyətə malik olması haqqında məlumat verərək xalqımızın şah əsərindəki hadisələrin ulu babalarımızın yaşadığı bütün torpaqlarda, o cümlədən Naxçıvanda cərəyan etməsini və “Kitabi-Dədə Qorqud” dastanında adları çəkilən Əlincə qalası, Dərəşam, Əyrək, Qaraçuğ kimi yer adlarının Naxçıvan ərazisi ilə bağlı olduğunu diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, ilk dəfə coğrafiya elmləri doktoru, professor Səfərəli Babayev “Naxçıvanda “Kitabi-Dədə Qorqud toponimləri” adlı monoqrafiya yazıb və bu əsərə görə müəllif Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Laboratoriyanın əməkdaşı Fərqanə Ağayeva Naxçıvan toponimlərindən danışaraq, Oğuzdaş, Oğuzkənd, Dərəşam kimi yer adları haqqında ətraflı məlumat verib. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzə ilə bağlı çıxışlar olunub.
Seminar müzakirələrlə yekunlaşıb.