“Kitabi-Dədə Qorqud” dastanı və dialektlərimiz”
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında “Kitabi - Dədə Qorqud” dastanı və dialektlərimiz” adlı elmi seminarı keçirilib. Elmi seminarı açıq elan edən laboratoriya müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva qeyd edib ki, Azərbaycan dili tarixinin öyrənilməsində əvəzolunmaz mənbə olan “Kitabi-Dədə Qorqud” dastanının dili lüğət tərkibinin zənginliyinə görə diqqəti cəlb edir. Türkoloji ədəbiyyatda oğuz qəhrəmanlıq eposu kimi tanınan “Kitabi-Dədə Qorqud” lüğət tərkibinə daxil olan sözlərin mühüm hissəsi müasir Azərbaycan ədəbi dili ilə, müəyyən bir qismi isə Azərbaycan dilinin dialekt leksikası ilə uyğun gəlir. Bundan başqa, abidənin dilində türk dillərin qədim yazılı abidələrinin dili ilə, digər türk dilləri, xüsuilə oğuz qrupu dil faktaları özünü göstərir. Yüz illərdir ki, ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə dünya alimlərinin diqqət mərkəzində olan “Kitabi-Dədə Qorqud” dastanı hər dövründə öz akyuallığını qoruyub saxlaya bilib.
Mövzu il bağlı məruzə edən “Dədə-Qorqud” ETL-in kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimovanın çıxışında qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” dastanında işlənən bir çox qədim dil xüsusiyyətləri dialekt və şivələrimizdə qorunub saxlanır. Dastanın dilini nəzərdən keçirdikdə istər fonetik, istər leksik, istər isə qrammatik quruluşuna aid xüsusiyyətlərinin tarixi inkişaf prosesində bir çox dəyişikliyə məruz qalsa da bu gün dialekt və şivələrimizdə işlənməsinin şahidi oluruq. Xalqımızın qəhrəmanlıq salnaməsi olan “Kitabi-Dədə Qorqud” dastanı həm şifahi, həm də yazılı ədəbi dilimiz üçün başlanğıc hesab olunur. Məhz bu xüsusiyyətinə görə bu dastan həm dil, həm də ədəbiyyat üçün məlumat mənbəyidir. Dilçiliyin bir sahəsi olan dialektologiya məhdud bir ərazidə işlədilən dil faktlarını öyrənir.
Müəllif araşdırmalara əsasən qeyd edib ki, dialektlər bəzi arxaik əlamətlərin saxlanılmasında mühüm rol oynayır. “Kitabi-Dədə Qorqud” dastanında işlənən bir çox qədim dil xüsusiyyətləri dialekt və şivələrimizdə qorunub saxlanmaqdadır. Dastanı nəzərdən keçirdikdə onun fonetik, leksik, qrammatik xüsusiyyətlərinin bir çoxunun Cənub dialektlərində qorunub saxlanıldığının şahidi oluruq. Dastanın ön sözünü yazan müəlliflər “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin bütövlükdə fonetik və leksik göstəricilərinə görə müasir Azərbaycan dilinin Cənub və Şərq dialektlərinin xüsusiyyətləri ilə səsləşdiyini geyd edirlər. Fonetik xüsusiyyətlər:
a>ə : “Ərəbəyə möhkəm orğanla sardılar”; “Qərə ölüm gəldigində keçid versin” və s.
Məruzədə o da vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” dastanın dilinin morfoloji xüsusiyyətlərindən Naxçıvan dialektləri ilə səsləşən, onunla eyniyyət təşkil edən cəhətlərdən biri də feilin əmr şəklinin I şəxs cəmində-ayın; -əyin şəkilçisinin işlənməsidir. Bu formaya dastanın dilində tez-tez rast gəlirik: “Mən bu oğlanı alayın, ava gedəyin”. Naxçıvan qrupu şivələrinidə “Kitabi-Dədə Qorqud” dastanın izlərinin leksik xüsusiyyətlərini də müşahidə edirik: güyəgü –kürəkən. “Kül təpəcik olmaz, güyəgü oğul olmaz”. Cənub şivələrində gəv (Şərur,Şahbuz), giyəv (Culfa) şəklində işlənir: Gəvinin əmisi rəhmətə gedib; Mənim giyəvim hərbiçidir.
Sonra mövzu ətrafında çıxışlar olunub. Laboratoriyanın aparıcı elmi işçisi, professor Adil Babayev, kiçik elmi işçi İlhamə Babayeva bildiriblər ki, “Kitabi-Dədə Qorqud” dastanı təkcə Azərbaycan türklərinin deyil, bütün türkdilli xalqların keçmişini, ədəbi-bədii düşüncəsini özündə əks etdrir. Dastan həm ədəbiyyat tariximizin, həm folklorun, həm tarixi qrammatikanın, həm tarixi dialektologiyasının öyrənilməsi üçün əsas mənbədir.