İsmayıl Qaspıralıya həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “İsmayıl Qaspıralının “türk birliyi” düşüncəsinin Azərbaycan ədəbi və elmi fikir tarixində yeri” mövzusunda elmi seminar keçirilib. Seminarda “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə”, “Dədə Qorqud” ETL-in əməkdaşları iştirak ediblər.
Seminar giriş sözü ilə açan “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL”-in elmi işçisi Samirə Məmmədova mövzunun aktuallığından və İsmayıl bəy Qaspıralının türkçülük düşüncəsinin təbliği sahəsində gördüyü işlərdən söz açıb.
Mövzu ilə bağlı məruzə edən laboratoriya müdiri, dosent Nəzakət Hüseynova İsmayıl Qaspıralının “türk birliyi” düşüncəsinin Azərbaycan ədəbi və elmi fikir tarixində yerini mənbələr əsasında konkret müddəalarla diqqətə çatdırıb.
Məruzədə mövzunun aktuallığından danışılarkən qeyd olunub ki, zaman-zaman türklərin varlığından, birləşməsindən çəkinən güclər hər vəchlə onların əsas olaraq dillərini unutdurmağa çalışıblar. Çünki “dil” hər bir millətin var olması deməkdir. Dili unudulan millət özü də məhv olmuş sayılır. Necə ki, ərəb, fars, rus istilası zamanı türk xalqları bu basqı ilə üzləşmənin acı nəticələrini yaşayıblar. Ərəb, fars, rus dillərinin hakim olduğu və məqsədli formada türkcənin qadağa olunduğu, əsas olaraq yazışmaların başqa dillərdə həyata keçirildiyi zamanlarda da onlar bütün əzablara qatlanaraq dillərini qoruyublar. Elə indi də İranda yaşayan türklər öz dillərini məktəbsiz, universitetsiz ağır şərtlər altında ancaq ev, məişət şəraitində yaşadırlar. Məhz bu halın mövcudluğu türk ziyalılarını hər zaman düşündürüb. Belə aydınlardan biri də İsmayıl Qaspıralıdır.
Məruzəçi bildirib ki, İsmayıl Qaspıralı yaradıcılığının əsas qayəsini təşkil edən “türk birliyi”, türküçülük düşüncəsini formalaşdıran əsas səbəblər bunlardır: a) onun tarixən türklərə qarşı olan həm hərbi, həm də mənəvi basqınlar haqqında geniş elmi və tarixi məlumata sahib olması; b) yaşayıb-yaratdığı çar Rusiyası zamanında (1851-1914) özünün də şahidi olduğu siyasi oyunlarla türklərə qarşı aparılan “məhvetmə” planının acı nəticələrinin olması.
Məhz bu səbəbdən müxtəlif coğrafi məkanlarda yaşayan türklərin təklənərək, məqsədli olaraq assimilyasiya edilərək dillərinin məhv edilmə təhlükəsini hiss edən İ.Qaspıralı bütün türkləri vahid dilə, ortaq türkcəyə sahib olmağa səsləyib və “Dildə, işdə, fikirdə birlik” ideyasının təbliği onun yaradıcılığının ana xəttini təşkil edib.
Çıxışda İ.Qaspıralının “türk birliyi” düşüncəsinin Azərbaycan ədəbi və elmi fikir tarixindəki rolu Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid və başqa fikir aydınlarının əsərlərinə istinadən aparılan tipoloji paralellər nəticəsində yaranan analoji fıkir axını ilə izah olunub.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.