"İşgüzar ünsiyyət etiketi: əsas prinsip və qaydalar" mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında "İşgüzar ünsiyyət etiketi: əsas prinsip və qaydalar" mövzusunda elmi seminar keçirilib. Professor-müəllim heyətinin iştirakı ilə baş tutan elmi seminarı giriş sözü ilə açan kafedra müdiri, professor İlhamə Hacıyeva mövzunun aktuallığından söz açıb.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Samirə Misir qızı Mərdanova qeyd edib ki, müasir dövrdə işgüzar kommunikasiya cəmiyyətdə ən kütləvi, vacib, eyni zamanda mürəkkəb ünsiyyət forması hesab olunur. Heç bir fəaliyyət sahəsində (iqtisadiyyat, hüquq, diplomatiya, ticarət və s.) qarşılıqlı münasibətləri işgüzar ünsiyyət olmadan təsəvvür etmək mümkün deyil. İşgüzar kommunikasiyada uğur qazanmağın əsas amillərindən biri həm şifahi, həm də yazılı ünsiyyətdə işgüzar etiketə, onun prinsip və qaydalarına əməl etməkdir. Elmi seminarda işgüzar ünsiyyətdə vacib olan bəzi prinsip və qaydalar nəzərdən keçirilib. Şifahi, yazılı və elektron işgüzar kommunikasiyada - telefon etiketi, işgüzar yazışmaların etiketi kimi məsələlər haqqında məlumat veriləcək. Məruzəçi bildirib ki, effektiv işgüzar ünsiyyətin qurulmasında imic və işgüzar dresskod da rol oynayır ki, seminar zamanı onların əhəmiyyəti də qeyd olunacaq.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib. Seminar müzakirələrlə yekunlaşıb.