“İşgüzar kommunikasiyada etik qaydalar” adlı seminar
Aprelin 19-da BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Ofelya Piriyevanın “İşgüzar kommunikasiyada etik qaydalar” mövzusunda elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan kafedra müdiri professor İlhamə Hacıyeva keçirilən seminarın mövzusunun aktuallığından bəhs edib, etika haqqında müəyyən məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətin başlıca, əsas komponentlərindən sayılır.
Mövzu ilə bağlı çıxış edən Ofelya Piriyeva qeyd edib ki, etik qaydalar işgüzar münasibətlərdə çox vacibdir. Düzgün salamlaşma, müsahibini qarşılamaq ilkin vacib şərt kimi işgüzar kommunikasiyada mühüm rol oynayır. Hətta bir-birilərini tənqid etdikdə belə, elə sözlər və cümlələrdən istifadə etmək lazımdır ki, etikadan kənara çıxılmasın. Çıxışda etik qaydalara aid müxtəlif nitq etiketləri haqqında məlumat verilib, işgüzar etiketin altı əsas prinsipin vacibliyi göstərilib: 1.Dəqiqlik 2. Məxfilik 3. Nəzakət, xeyirxahlıq və səmimiyyət 4. Ətrafınızdakılara diqqət 5. Zahiri görünüş 6.Savadlılıq.
Fikrət İsmayılov çıxışında bildirib ki, etik normalar şablon, göydən düşmə yaranmayıb, hər bir xalqın özünəməxsus etik normalar anlayışı vardır. Bu da onu sübut edir ki, etik normalar xalqların etnogenezisi və qəbul etdiyi dinlə sıx bağlıdır. O, fikrini Azərbaycan şifahi xalq ədəbiyyatında gətirdiyi atalar sözləri və məsəllər ilə əsaslandıraraq işgüzar ünsiyyətdə gözəl danışmağın, fikri gözəl ifadə etməyin ən gözəl davranış qaydası olduğunu diqqətə çatdırıb.
Elmi seminara dəvət olunan moderator Rəna Əmirəliyeva ayrı-ayrı nitq etiketlərinin işgüzar kommunikasiyada rolu barəsində geniş məlumat verib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.